Вернуться назад Распечатать

Bir əsrdən artıq xidmət: Azərbaycan polisi dövlətçiliyin və təhlükəsizliyin dayağıdır

 Bu gün Azərbaycan polisinin yaranmasından 108 il ötür. 1918-ci il iyulun 2-də Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən milli polis orqanlarının yaradılması haqqında qərarın qəbul edilməsi, sadəcə yeni bir hüquq-mühafizə strukturunun formalaşdırılması deyildi. Bu qərar, eyni zamanda, müstəqil dövlət idarəçiliyinin əsas sütunlarından birinin inşası anlamına gəlirdi. Gənc və mürəkkəb geosiyasi şəraitdə fəaliyyət göstərən Azərbaycan Xalq Cümhuriyyəti üçün təhlükəsizlik məsələsi strateji əhəmiyyət daşıyırdı. Dövlətin möhkəmliyi yalnız siyasi institutlarla deyil, həm də hüququn aliliyini və ictimai asayişi təmin edən güclü sistemlə ölçülürdü. Məhz buna görə də milli polis institutunun yaradılması dövlət quruculuğunun vacib addımlarından biri oldu. Tarix göstərir ki, Azərbaycan polisi dövlətin taleyüklü mərhələlərində həmişə ön cəbhədə yer alıb. Müharibələr, siyasi transformasiyalar, sosial gərginliklər və müxtəlif təhlükəsizlik sınaqları polis sisteminin üzərinə ağır məsuliyyət qoyub. Lakin zaman dəyişsə də, bu institutun missiyası dəyişməyib, dövlətin sabitliyini qorumaq, cəmiyyətin təhlükəsizliyini təmin etmək və qanunun aliliyinə xidmət etmək.
 

 1xəbər.media xəbər verir ki, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət nəticəsində Azərbaycan bu gün dünyada sabitlik və təhlükəsizlik məkanı kimi tanınır. Bu sabitliyin qorunmasında Daxili İşlər Nazirliyinin və onun peşəkar şəxsi heyətinin mühüm rolu var. 
Polis orqanları mütəşəkkil cinayətkarlığa, narkotik vasitələrin qanunsuz dövriyyəsinə, qanunsuz silah saxlama və daşınmasına, insan alverinə, kibercinayətkarlığa və digər hüquqazidd əməllərə qarşı qətiyyətli mübarizə aparırlar.
44 günlük Vətən müharibəsi antiterror əməliyyatları zamanı polis və Daxili Qoşunların hərbi qulluqçuları ön cəbhədə qəhrəmanlıq və vətənpərvərlik nümunələri göstəriblər. Birinci Qarabağ müharibəsində olduğu kimi, Vətən müharibəsində də xüsusi təyinatlı bölmələr vahid komandanlıq altında Azərbaycanın haqq işinin müdafiəsində fəal iştirak ediblər. 

 Birinci Qarabağ müharibəsində Daxili Qoşunların 9 hərbi qulluqçusu Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülüb. Vətən müharibəsində isə Daxili Qoşunların 66 hərbi qulluqçusu şəhid olub, 346 nəfər yaralanıb, 4 nəfər isə “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülüb. müasir dövr isə təhlükəsizlik anlayışına yeni məzmun qazandırıb. Artıq təhlükə yalnız küçədə baş verən cinayətlərlə məhdudlaşmır. Kibercinayətkarlıq, rəqəmsal fırıldaqçılıq, transmilli cinayət şəbəkələri və informasiya təhlükəsizliyi ilə bağlı risklər hüquq-mühafizə orqanlarından daha yüksək peşəkarlıq tələb edir. Bu yeni reallıq polis fəaliyyətində həm texnoloji yenilənməni, həm də çevik idarəetməni zəruri edir.

 Bu gün küçələrdə asayişi qoruyan, cinayətkarlığa qarşı mübarizə aparan, fövqəladə vəziyyətlərdə insanların həyatını xilas etmək üçün riskə gedən minlərlə polis əməkdaşı var. Onların fəaliyyəti yalnız xidməti vəzifə deyil. Bu, eyni zamanda fədakarlıq, peşəkarlıq və yüksək mənəvi məsuliyyət tələb edən bir missiyadır. Bir əsrdən artıq tarix bir həqiqəti aydın göstərir: dövlətlərin gücü təkcə iqtisadi və hərbi imkanlarla ölçülmür. Hüququn aliliyini qoruyan, ictimai sabitliyi təmin edən və vətəndaş etimadını qazanan institutlar da dövlətçiliyin əsas dayaqlarıdır. Azərbaycan polisi 108 illik fəaliyyəti ilə bu etimadın daşıyıcısı olduğunu dəfələrlə sübut edib.

 Azərbaycan polisinin 108 illiyi yalnız bir yubiley tarixi deyil. Bu tarix, həm də dövlətçilik ənənələrinin, xidmət məsuliyyətinin və təhlükəsizlik anlayışının zamanla necə formalaşdığını göstərən mühüm bir göstəricidir. Bu gün də Azərbaycan polisi dövlətçiliyimizin, sabitliyimizin və ictimai təhlükəsizliyimizin keşiyində dayanmağa davam edir.

Aysel Timur