"Arzum"a verilən cəzanı ədalətli hesat etmirəm – Tanınmış hüquqşünas
"Arzum 9999" (İlduzə Hacıyeva) 2025-ci ilin iyununda Mərdəkan qəsəbəsində baş verən ölümlü yol-nəqliyyat hadisəsi səbəbilə məhkəmə qarşısına çıxarılıb. Sonda Xəzər Rayon Məhkəməsinin qərarı ilə o, 2 il 6 ay sürücülük hüququndan məhrum edilməklə 5 il 2 ay müddətinə azadlıqdan məhrum edilib və məhkəmə zalında həbs olunub. Ümumiyyətlə, Azərbaycanda ölümlə və ya ağır nəticələrlə nəticələnən yol qəzalarında qanunvericiliyə əsasən minimum və maksimum cəza müddəti neçə il nəzərdə tutulur və hökm çıxarılarkən hansı amillər əsas götürülür?
Mövzu ilə bağlı hüquqşünas Əkrəm Həsənov 1xəbər.media-ya bildirib ki, düzü, mən yol-nəqliyyat hadisələri üzrə özümü mütəxəssis hesab etmirəm və avtomobil də idarə etmirəm:
“Amma həmin videonu görmüşəm. Birincisi, bəli, mənim bildiyimə görə, həmin xanıma qarşı əsas ittiham hadisə yerindən qaçmaqdır. Yəni əsas fakt budur hadisə yerindən qaçmaq. Amma hadisənin özündə onun günahı var, yoxsa yoxdur bu, mənim üçün sualdır. Avtomobil arxadan gəlir, onun maşınına dəyir, daha sonra qabaqda çırpılır, partlayış baş verir və nəticədə bir nəfər ölür, bir nəfərin isə ağır xəsarət aldığı bildirilir. Amma biz bilmirik ki, həmin xanım konkret olaraq hansı qaydanı pozub, yaxud ümumiyyətlə pozubmu. Bu barədə mənim məlumatım yoxdur. Əgər qayda pozuntusu olmayıbsa, bu halda hadisə yerindən qaçmaq məsələsi də hüquqi baxımdan sual doğurur. Çünki Cinayət Məcəlləsinin 264-cü maddəsi, 263 və 263-1-ci maddələrdə nəzərdə tutulmuş nəticələrin baş verdiyi hallarda, nəqliyyat vasitəsini idarə edən və yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismar qaydalarını pozan şəxsin hadisə yerindən qaçmasını nəzərdə tutur. Yəni mən yerimdə dayanmışamsa, sən gəlib mənə çırpılmısansa, hadisə iştirakçısı olsam da, orada mənim günahım yoxdursa, bu halda “qaçmaq” anlayışını ayrıca tətbiq etmək düzgün deyil. Əgər mən oradan uzaqlaşmışamsa, bu avtomatik olaraq qaçmaq sayılmamalıdır. Buna görə də ilk məsələ budur ki, qayda pozuntusu olub, ya olmayıb? Sözün düzü, mən bunu bilmirəm”.
O qeyd edib ki, hətta pozuntu olubsa belə, burada onun təqsiri ehtiyatsızlıq xarakterli və kifayət qədər cüzi ola bilər:
“Aşkardır ki, əsas günahkar arxadan yüksək sürətlə gələn avtomobildir. Həmin avtomobil sürətlə hərəkət edərək ona çırpılır. Yenə deyirəm, əgər xanımın günahı varsa, bu ayrıca araşdırılmalıdır. Amma buna baxmayaraq, 5 il 2 ay həbs cəzasını ağır və adekvat hesab etmirəm. Xatırladıram ki, 2017-ci ilin avqust ayında Heydər Əliyev Prospekti ərazisində keçmiş Baş nazir Əli Həsənovun nəvəsi Nail Allahverdiyev “Mercedes-Benz G-Class” markalı avtomobillə yüksək sürətlə digər maşına və piyadalara çırpılmışdı. Nəticədə iki nəfər həlak olmuş, iki nəfər isə xəsarət almışdı. Ona 5 il həbs cəzası verilmişdi və 2 ildən sonra azadlığa çıxmışdı. Orada təqsir birbaşa idi və şübhə doğurmurdu, iki nəfər ölüb, iki nəfər xəsarət alıb və cəza 5 il olub. Burada isə hadisə aşkar şəkildə nisbətən yüngüldür, amma bu xanıma 5 il 2 ay cəza verilib. Buna görə hesab edirəm ki, bu cəza adekvat deyil. Maddələrə gəlincə, bəli, bir nəfərin ölümü ilə bağlı tətbiq olunan maddə Cinayət Məcəlləsinin 263.2-ci maddəsidir. Bu maddə nəqliyyat vasitəsinin istismar qaydalarının pozulması nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma halını nəzərdə tutur və 6 ilədək azadlıqdan məhrumetmə cəzası müəyyən edir. Hadisə yerindən qaçmaq isə ayrıca olaraq 2 ilədək cəza nəzərdə tutur. Yəni burada həmin maddələr tətbiq olunub və görünən odur ki, maksimal həddə yaxın — 5 il 2 ay cəza təyin edilib. Mən bunu ədalətli hesab etmirəm. Hər bir halda düşünürəm ki, xanım apellyasiya şikayəti verəcək və bu məsələ yenidən araşdırılmalıdır”.
Aysel Timur