1xeber.media xəbər verir ki, Respublikanın ən iri taxılçılıq rayonlarından olan Şəkidə biçin kampaniyası davam etdirilir. Cari mövsümdə rayonda 59 min 842,2 hektar taxıl sahəsinin məhsulunun biçilməsi nəzərdə tutulur. Taxıl əkinlərinin 41 min 173,2 hektarını arpa, 18 min 669 hektarını isə buğda sahələri təşkil edir. Bu günədək 24 min 331 hektarı arpa, 629 hektarı buğda olmaqla, 24 min 960 hektar sahənin məhsulu biçilib, 72 min 216,2 ton taxıl istehsal olunub. Hələlik hər hektardan orta məhsuldarlıq 28,9 sentner təşkil edir.
Qurum rəsmisi bildirib ki, tədarük olunan taxılın 70 min 316,6 tonu arpa, 1899,6 tonu buğdadır. Arpa sahələrinin hər hektarından orta hesabla 28,9 sentner, buğda sahələrindən isə 30,2 sentner məhsul götürülüb. Hazırda sahələrdə 131 taxılbiçən kombayn işləyir.
Sektor müdirinin sözlərinə görə, havaların qeyri-sabit, yağmurlu keçməsi taxıl biçinini ləngitsə də, fermerlər məhsulun qısa müddətdə biçilib anbarlara yığılması üçün bütün qüvvələri səfərbər ediblər.