Вернуться назад Распечатать

Millət vəkili Zahid Oruc: Azərbaycanın yüksələn gücü ABŞ siyasətində kartları yenidən qarışdırdı - MÜSAHİBƏ

 Azərbaycan–ABŞ münasibətləri son onilliklər ərzində mürəkkəb sınaqlardan keçərək strateji əməkdaşlıq mərhələsinə yüksəlib. Bir zamanlar Vaşinqtonla Bakı arasında ciddi fikir ayrılıqlarına səbəb olan 907-ci düzəliş, bu münasibətlərin ən həssas və ağrılı səhifələrindən biri kimi tarixə düşüb. Lakin zaman göstərdi ki, dövlətlərarası münasibətlər yalnız mövcud gərginliklərlə deyil, uzunmüddətli siyasi baxış, diplomatik çeviklik və qarşılıqlı maraqlar əsasında formalaşır.

Məhz bu baxımdan Azərbaycanın müstəqilliyinin ilk illərindən bu günədək keçdiyi diplomatik yol xüsusi diqqət çəkir. Hafiz Paşayevin “Bir səfirin manifesti” kitabında da əks olunan bu proses, Azərbaycanın beynəlxalq münasibətlər sistemində necə möhkəmləndiyini və ABŞ ilə əlaqələrdə hansı strateji mərhələlərdən keçdiyini daha aydın göstərir.

 Son dövrdə Bakıda keçirilən ilk Azərbaycan–ABŞ İqtisadi Dialoqu və milyardlarla dollarlıq kommersiya sazişləri iki ölkə arasında münasibətlərin yeni mərhələyə daxil olduğunu göstərir.
 Bu barədə Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Orucun 1xəbər.media-ya müsahibəsini təqdim edirik.  
-     Azərbaycan–ABŞ münasibətləri 907-ci düzəlişdən bu günə qədər ciddi transformasiya keçib. Siz bu inkişaf yolunu necə qiymətləndirirsiniz?

 -     İlk növbədə qeyd etmək lazımdır ki, Azərbaycan–ABŞ münasibətlərinin inkişaf tarixini qiymətləndirərkən 907-ci düzəlişin qəbul olunduğu dövrün geosiyasi reallıqlarını nəzərə almaq vacibdir. Sovet İttifaqının dağılması, heç şübhəsiz, ABŞ və Qərb dünyasının soyuq müharibədə əldə etdiyi mühüm geosiyasi qələbə idi. Həmin dövrdə müstəqillik qazanan dövlətlər böyük ümidlərlə Qərb siyasi institutlarına inteqrasiya etməyə çalışırdılar. Lakin təəssüf ki, bütün postsovet ölkələri eyni münasibətlə qarşılanmadı. 

 Azərbaycan müstəqilliyinin ilk illərində Ermənistanın hərbi təcavüzü və torpaqlarının işğalı ilə üzləşdiyi halda, ABŞ Konqresində qəbul edilən 907-ci düzəliş ölkəmiz üçün həm siyasi, həm də mənəvi baxımdan ciddi zərbə oldu. Bu qərar təkcə iqtisadi yardımların məhdudlaşdırılması demək deyildi, eyni zamanda Azərbaycanın beynəlxalq imicinə və ABŞ ilə münasibətlərinə mənfi təsir göstərirdi. 

 Lakin ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra həyata keçirilən balanslaşdırılmış xarici siyasət, “Əsrin müqaviləsi”, Xəzər enerji layihələrinin reallaşdırılması və Azərbaycanın regional əhəmiyyətinin artması münasibətlərin yeni mərhələyə keçməsinə şərait yaratdı. Sonrakı dövrlərdə Azərbaycanın beynəlxalq təhlükəsizlik əməliyyatlarında iştirakı, enerji təhlükəsizliyinə verdiyi töhfələr və regionda etibarlı tərəfdaş kimi mövqeyini gücləndirməsi ABŞ ilə əlaqələrin inkişafında mühüm rol oynadı.

 Bu gün hesab etmək olar ki, Azərbaycan–ABŞ münasibətləri mürəkkəb tarixi mərhələlərdən keçərək qarşılıqlı maraqlara əsaslanan yeni əməkdaşlıq modelinə daxil olub.

-     907-ci düzəlişin siyasi və psixoloji təsirlərinin bu gün tam aradan qalxdığını demək olarmı?

-    Bu suala cavab verərkən ABŞ qanunvericilik sisteminin spesifik xüsusiyyətlərini nəzərə almaq lazımdır. Tarix göstərir ki, ABŞ-da qəbul edilən bəzi qanunların siyasi və hüquqi təsirlərinin tam aradan qaldırılması uzun zaman tələb edir. Məsələn, Jackson–Vanik düzəlişi Sovet İttifaqı dağıldıqdan sonra da uzun müddət qüvvədə qalmışdı. Azərbaycanla bağlı da oxşar vəziyyət müşahidə olunub. Düzdür, 2001-ci ildən etibarən ABŞ prezidentləri milli təhlükəsizlik maraqlarını əsas gətirərək 907-ci düzəlişin tətbiqini hər il dayandırıblar. Bu, faktiki olaraq onun praktiki təsirini minimuma endirib. Lakin siyasi və mənəvi baxımdan həmin düzəliş uzun müddət Azərbaycan–ABŞ münasibətlərində mənfi irs kimi qalmaqda davam edib. Hesab edirəm ki, Azərbaycanın Vətən müharibəsində əldə etdiyi qələbə, ərazi bütövlüyünün və suverenliyinin tam bərpası, eləcə də regionda yeni geosiyasi reallıqların yaranması bu məsələyə münasibəti ciddi şəkildə dəyişib. Bu gün artıq Azərbaycan regionun qalib və təşəbbüskar dövləti kimi qəbul olunur. Buna baxmayaraq, münasibətlərin gələcək inkişafı üçün siyasi etimadın daha da möhkəmləndirilməsi istiqamətində işlərin davam etdirilməsi vacibdir.

-     Azərbaycan bu gün regional təhlükəsizlik və nəqliyyat layihələrində mühüm aktora çevrilib. Bu status Vaşinqtonun Bakı ilə münasibətinə necə təsir edir?

  •     Şübhəsiz ki, Azərbaycanın regional əhəmiyyətinin artması Vaşinqtonun ölkəmizə münasibətində də mühüm dəyişikliklər yaradıb. Azərbaycan hazırda Şərq–Qərb və Şimal–Cənub nəqliyyat dəhlizlərinin əsas iştirakçılarından biri olmaqla yanaşı, Avropa ilə Asiya arasında strateji körpü rolunu oynayır. Bakı–Tbilisi–Ceyhan, Bakı–Tbilisi–Ərzurum, Bakı–Tbilisi–Qars kimi layihələr, eləcə də Orta Dəhlizin inkişafı Azərbaycanın geostrateji əhəmiyyətini daha da artırıb. Eyni zamanda, ölkəmizin enerji təhlükəsizliyi, logistika, rəqəmsal transformasiya və regional sabitliyin təmin olunması istiqamətində həyata keçirdiyi siyasət beynəlxalq tərəfdaşların marağını gücləndirir. ABŞ üçün də Azərbaycan Cənubi Qafqazda etibarlı və proqnozlaşdırılan tərəfdaş kimi mühüm əhəmiyyət daşıyır. Xüsusilə son illərdə regionda yaranan yeni geosiyasi reallıqlar fonunda Vaşinqtonun Bakı ilə əməkdaşlığa marağının artdığını müşahidə edirik.

-     Gələcək perspektivdə Azərbaycan–ABŞ münasibətləri strateji tərəfdaşlıqdan daha yüksək mərhələyə keçə bilərmi?

-     Bunun üçün real imkanlar mövcuddur. Azərbaycan artıq regionun siyasi, iqtisadi və təhlükəsizlik arxitekturasının formalaşmasında fəal iştirak edən əsas dövlətlərdən biridir. Vətən müharibəsində qələbə və suverenliyin tam bərpası ölkəmizin beynəlxalq mövqelərini daha da gücləndirib. Bu gün Azərbaycan enerji, nəqliyyat, logistika, rəqəmsal texnologiyalar, süni intellekt, kibertəhlükəsizlik və investisiya sahələrində ABŞ ilə əməkdaşlığın genişləndirilməsi üçün böyük potensiala malikdir. Eyni zamanda, Azərbaycanın regionda sabitliyin və əməkdaşlığın təşviqində oynadığı rol da Vaşinqton üçün xüsusi əhəmiyyət daşıyır. Əgər qarşılıqlı siyasi iradə qorunarsa, gələcəkdə Azərbaycan–ABŞ münasibətlərinin daha yüksək əməkdaşlıq formatına keçməsi tamamilə mümkündür.

-     Sizcə, ABŞ Azərbaycanın regiondakı artan siyasi çəkisini və rolunu tam obyektiv qiymətləndirirmi?

-    Son illərdə ABŞ-da Azərbaycanın regiondakı roluna münasibətdə daha realist yanaşma formalaşmaqdadır. Azərbaycan artıq təkcə enerji ixrac edən ölkə deyil, həm də regional təhlükəsizlik, nəqliyyat, logistika, diplomatiya və beynəlxalq əməkdaşlıq sahələrində mühüm aktora çevrilib. Bununla belə, düşünürəm ki, Azərbaycanın geosiyasi əhəmiyyəti və regionda yaratdığı yeni reallıqların potensialı hələ tam şəkildə qiymətləndirilməyib. Azərbaycanın Şərqlə Qərb arasında körpü rolunu oynaması, Türk dünyasının inteqrasiyasında fəal iştirakı, regional sülh təşəbbüsləri və beynəlxalq layihələrdəki mövqeyi gələcəkdə ölkəmizin əhəmiyyətini daha da artıracaq. Bu baxımdan ABŞ–Azərbaycan münasibətlərinin gələcək inkişafı qarşılıqlı etimadın möhkəmləndirilməsi, iqtisadi əməkdaşlığın genişləndirilməsi və regional təhlükəsizlik sahəsində tərəfdaşlığın dərinləşdirilməsi istiqamətində davam edəcək.

Aysel Timur