Вернуться назад Распечатать

Avropa İttifaqı enerji problemlərinin həll yolları üçün Cənubi Qafqaza üz tutur

Avropa İttifaqı regional sabitlik, enerji və əlaqələr sahəsində fəaliyyətini genişləndirdiyi
bir vaxtda Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayen Cənubi Qafqaz turuna
Bakıda başlayıb.
Avropa Komissiyasının sədri Ursula Fon der Lyayen iyilun 1-də Bakıda Azərbaycan
Prezidenti İlham Əliyevlə görüşüb. O, Cənubi Qafqaza iki günlük səfərinə başlayaraq, enerji
təhlükəsizliyini, nəqliyyat əlaqələrini və regional sabitliyi gücləndirməyə çalışan Avropa
İttifaqının bölgəyə artan strateji marağını vurğulayıb.
Bakı xanım Fon der Lyayenin Ermənistana səfərindən əvvəlki regional turunun ilk
dayanacağıdır. Danışıqlardan sonra keçirilən birgə mətbuat konfransında Azərbaycan-
Ermənistan sülh prosesinə, nəqliyyat əlaqələrinə, enerji əməkdaşlığına və Aİ ilə Azərbaycan
arasında daha geniş strateji tərəfdaşlığa diqqət yetirilib.
Fon der Lyayen Azərbaycanı 27 üzvdən ibarət blok üçün əsas tərəfdaş adlandırıb və
geosiyasi qeyri-müəyyənlik fonunda Avropanın enerji təhlükəsizliyinin dəstəklənməsində
Bakının rolunu vurğulayıb.
Qeyd olunub ki, Aİ Cənubi Qafqazda layihələr üçün 200 milyon avroyadək qrant
ayıracaq və bu, 2 milyard avroyadək dövlət və özəl investisiyaları cəlb etmək potensialına
malikdir.
AŞ Prezidenti Fon der Lyayen, həmçinin minalardan təmizləmə, səhiyyə, kənd
yerlərinin inkişafı, kiçik və orta müəssisələrin dəstəklənməsi daxil olmaqla, sülh quruculuğu
təşəbbüslərini dəstəkləmək üçün 20 milyon avroluq proqram elan edib.
Azərbaycan Prezidenti İlham Əliyevin Avropa Komissiyasının Prezidenti Ursula Fon der
Lyayen ilə təkbətək və geniştərkibdə görüşlərdən sonra mətbuata açıqlamasında Prezident
İlham Əliyev bu gün Avropa İttifaqı ilə Azərbaycan arasında çox fəal, dinamik dialoqun
olduğunu qeyd edib. Ölkə başçısı Azərbaycanın Avropa Komissiyası ilə əməkdaşlığa böyük
önəm verdiyini bildirib. Dövlətimizin başçısı qeyd edib ki, Avropa İttifaqı Azərbaycanın əsas
ticarət tərəfdaşıdır.
Hazırda Azərbaycan Avropa İttifaqı üçün Cənubi Qafqazda əsas ticarət tərəfdaşıdır.
Dövlətimizin başçısı öz çıxışında vurğulayıb ki, ticarətin 70 faizdən artığı məhz Azərbaycanın
payına düşür. Bu gün Azərbaycanın qaz ixracının yarısı Avropa İttifaqına üzv dövlətlərin
payına düşür. Belə ki, Avropa İttifaqının 10 üzvü Azərbaycandan qaz idxal edir və bu
coğrafiyanın genişləndirilməsi üçün imkanlar vardır.
Görüş zamanı xüsusi vurğulanıb ki, enerji təhlükəsizliyi bu gün hər bir ölkə üçün milli
maraq məsələsidir. Dövlətimizin başçısı, həmçinin qeyd edib: “Azərbaycan bir çox siyasi,
diplomatik səylər göstərmişdir və maliyyə yatırımları etmişdir ki, müvafiq infrastruktur
yaradılsın və bizim neft-qaz resurslarımız Avropaya yönlənsin. Cənub Qaz Dəhlizi bizim birgə
fəaliyyətimizin nəticəsidir”.
Bu gün Brüssel enerji, nəqliyyat, iqtisadi dayanıqlılıq və regional sabitlik sahələrində
əməkdaşlığı dərinləşdirməyə çalışdığı bir vaxtda, Aİ Cənubi Qafqaz və Türkiyə ilə əlaqələri
gücləndirmək üzrə daha geniş strategiyaya başlayıb. Azərbaycana bu strategiyanın həyata
keçirilməsində mühüm yer ayrılıb. Xesusilə Aİ-na üzv dövlətlərin enerji təhlükəsizliyinin
təminatında ölkəmizin rolu üsusi vurğulanıb.
Günel Cəfərova,
Sabirabad rayon Tarix-Diyarşünaslıq Muzeyinin bələdçisi