İyulun 1-də Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin ölkəmizə səfəri
və Azərbaycan Prezidenti İlham Əliyevlə keçirdiyi görüş iki tərəf arasında münasibətlərin yeni
inkişaf mərhələsinə qədəm qoyduğunu bir daha nümayiş etdirir. Görüşdən sonra dövlətimizin
başçısının mətbuata verdiyi bəyanat təsdiqləyir ki, Avropa Komissiyası ilə əməkdaşlıq siyasi
dialoqdan iqtisadi əlaqələrə, enerji təhlükəsizliyindən yaşıl keçidə, nəqliyyat-logistika
imkanlarından regional təhlükəsizliyə qədər geniş strateji gündəliyi əhatə edir.
Müasir beynəlxalq münasibətlər sistemində qarşılıqlı etimad, etibarlı tərəfdaşlıq və
uzunmüddətli əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır. Məhz bu baxımdan keçirilən görüşlər həm
Avropa ilə münasibətlərin gələcək inkişaf istiqamətlərini müəyyənləşdirən, həm də Cənubi
Qafqazın gələcək geosiyasi mənzərəsinə təsir göstərə biləcək mühüm siyasi hadisə kimi
dəyərləndirilir.
Son aylar ərzində Avropa İttifaqının ali rəhbərliyinin ölkəmizə ardıcıl səfərləri
münasibətlərin yüksək inkişaf tempini nümayiş etdirir. Avropa İttifaqı Şurasının Prezidenti
Antonio Koştanın, Avropa diplomatiyasının rəhbəri Kaya Kallasın və nəhayət, Avropa
Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin səfərləri siyasi dialoqun davamlı və
sistemli xarakter aldığını təsdiqləyir. Tərəflər əməkdaşlığı daha da genişləndirmək və qarşılıqlı
maraqlar əsasında yeni təşəbbüslər həyata keçirmək niyyətindədirlər. Prezident İlham Əliyevin
vurğuladığı kimi, əməkdaşlığımızı genişləndirmək və tərəfdaşlığımızı gücləndirmək məqsədilə
hər iki tərəfin qarşılıqlı iradəsini əks etdirən münasibətlərimizdə görünməmiş dinamika
müşahidə olunur.
Bəyanatda iqtisadi əməkdaşlığın hazırkı səviyyəsinə xüsusi diqqət yetirilib. Prezident
İlham Əliyev bildirib ki, ticarətimizin 40 faizdən çoxu üzv dövlətlərlə aparılır və Azərbaycan
Avropa İttifaqı üçün Cənubi Qafqazda əsas ticarət tərəfdaşıdır. Eyni zamanda, Avropa
İttifaqının Cənubi Qafqaz üzrə ticarət dövriyyəsinin təxminən 70 faizinin Azərbaycanla
aparılması respublikanın regionun iqtisadi mərkəzi kimi rolunu daha da gücləndirir. Bu nəticə
həyata keçirilən iqtisadi islahatların, şəffaf biznes mühitinin və beynəlxalq investorlar üçün
yaradılmış əlverişli imkanların məntiqi davamıdır.
Prezident İlham Əliyevin çıxışında enerji məsələləri mövzusuna da toxunub. Dörd il
əvvəl imzalanmış enerji sahəsində Strateji Tərəfdaşlıq Haqqında Anlaşma Memorandumu
artıq mühüm nəticələr verib. Bu müddət ərzində Avropa İttifaqı ölkələrinə təbii qaz ixracı
təxminən 65 faiz artıb. Hazırda ixrac olunan qazın yarısı Avropa bazarına çatdırılır və 10
Avropa dövləti bu resursdan istifadə edir. Bu göstəricilər enerji sahəsində əməkdaşlığın
davamlı və uzunmüddətli xarakter daşıdığını göstərir. Prezident İlham Əliyevin qeyd etdiyi
kimi, bu gün hər ölkə üçün enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir. Uzun
illər ərzində yaradılmış infrastruktur hazırda Avropanın enerji təminatında mühüm rol oynayır.
Dövlətimizin başçısı Cənub Qaz Dəhlizini ümumi fəaliyyətimizin gözəl nümunəsi kimi
dəyərləndirib. Təxminən 3500 kilometr uzunluğa malik vahid boru kəməri sistemi Xəzər
hövzəsinin enerji ehtiyatlarını Avropa bazarına təhlükəsiz şəkildə çatdırır. Bu layihə enerji
təhlükəsizliyinin təmin olunması ilə yanaşı, iştirakçı dövlətlər arasında qarşılıqlı etimadı və
iqtisadi əməkdaşlığı da möhkəmləndirir. Qlobal enerji bazarında baş verən dəyişikliklər
fonunda Cənub Qaz Dəhlizinin strateji əhəmiyyəti daha da artır.
Prezident İlham Əliyev, həmçinin beynəlxalq nəqliyyat marşrutlarının inkişafı ilə bağlı
məsələyə toxunub. Şərq–Qərb və Şimal–Cənub nəqliyyat dəhlizlərinin üzərində yerləşən
Azərbaycan son illərdə bu istiqamətdə böyük həcmdə infrastruktur layihələri həyata keçirib.
Dəmir yollarının yenilənməsi, avtomobil magistrallarının tikilməsi, dəniz limanlarının
genişləndirilməsi və logistika mərkəzlərinin yaradılması nəticəsində tranzit imkanları
əhəmiyyətli dərəcədə artıb. Dövlətimizin başçısının qeyd etdiyi kimi, yeni geosiyasi vəziyyətə
gəldikdə görürük ki, ticarət üçün dəniz limanlarımızın, dəmir yolu infrastrukturunun
imkanlarının genişləndirilməsinə ehtiyac duyulur. Bu siyasət Azərbaycanın Avrasiya
məkanının əsas nəqliyyat və logistika mərkəzlərindən biri kimi mövqeyini daha da
möhkəmləndirir.
Prezident İlham Əliyev bəyanatında yaşıl enerji sahəsində mövcud potensialı da geniş
şəkildə təqdim edib. Xarici və yerli şirkətlərlə imzalanmış müqavilələr yaxın beş-altı il ərzində 8
giqavat həcmində Günəş və külək enerjisi istehsal etməyə imkan verəcək. Bu layihələr daxili
enerji istehsalının şaxələndirilməsi ilə yanaşı, gələcəkdə Avropaya yaşıl enerji ixracı üçün də
yeni imkanlar yaradacaq. Beləliklə, enerji əməkdaşlığı ənənəvi resurslarla yanaşı,
bərpaolunan enerji sahəsində də yeni mərhələyə daxil olur.
Prezident İlham Əliyev Avropa Komissiyasının Prezidenti ilə regional təhlükəsizlik və
Ermənistanla normallaşma prosesini də geniş müzakirə etdiklərini bildirib. Dövlət başçısı ötən
il Vaşinqtonda imzalanmış Birgə Bəyannaməni xatırladaraq qeyd edib ki, de-fakto sülh qurulub
və biz faydasını görürük. Bu reallığın möhkəmləndirilməsi məqsədilə Azərbaycan bir sıra
praktik addımlar atıb. Ermənistan istiqamətində yük tranzitinə qoyulan məhdudiyyətlərin
aradan qaldırılması və enerji məhsullarının çatdırılması qarşılıqlı etimadın gücləndirilməsinə
yönəlmiş addımlar kimi qiymətləndirilir. Prezident İlham Əliyevin vurğuladığı kimi, sülhü təkcə
kağız üzərində deyil, gündəlik həyatda hiss etdiyimizi nümayiş etdirmək üçün bir çox birtərəfli
addımlar atdıq.
Qarşılıqlı əməkdaşlıq nəticəsində Cənubi Qafqazın münaqişələrdən uzaq, iqtisadi
inteqrasiya və tərəfdaşlıq məkanına çevrilməsi üçün yeni imkanlar yaranır. Sabitliyin
möhkəmlənməsi nəqliyyat layihələrinin inkişafına, enerji əməkdaşlığının genişlənməsinə və
yeni investisiyaların cəlb olunmasına da müsbət təsir göstərəcək. Avropa Komissiyası ilə
münasibətlər yeni strateji mərhələyə daxil olub. Siyasi dialoqun intensivləşməsi, iqtisadi
əlaqələrin genişlənməsi, enerji və yaşıl enerji sahələrində əməkdaşlığın dərinləşməsi,
beynəlxalq nəqliyyat marşrutlarının inkişafı və regional sülh prosesinə verilən dəstək bu
tərəfdaşlığın çoxşaxəli və uzunmüddətli xarakter daşıdığını təsdiqləyir.
Mövcud əməkdaşlıq modeli həm də Avropanın enerji təhlükəsizliyinin
möhkəmlənməsinə, Avrasiyada ticarət və nəqliyyat imkanlarının genişlənməsinə, Cənubi
Qafqazda davamlı sabitliyin və iqtisadi tərəqqinin təmin olunmasına mühüm töhfə verir. Bu
baxımdan iyulun 1-də keçirilən görüş gələcək əməkdaşlığın yeni mərhələsinin əsas
istiqamətlərini müəyyən edən əlamətdar siyasi hadisə kimi tarixə düşür.
Hüseyn Ağayev,
Sabirabad Dövlət Sosial İqtisad Kollecinin tələbəsi