Вернуться назад Распечатать

Londondan sərt qərar: Xarici siyasi pullara qapı bağlanır

 Böyük Britaniya hökuməti seçki prosesinə xarici maliyyə təsirinin qarşısını almaq məqsədilə siyasi ianələrlə bağlı qanunvericiliyi sərtləşdirib. Yeni qaydalar siyasi partiyaların və namizədlərin maliyyələşdirilməsində şəffaflığın artırılmasına yönəlib. 

1xeber.media xəbər verir ki, qəbul edilən dəyişikliklərə əsasən, rəsmi namizəd statusu almamış şəxslər artıq müəyyən məbləğdən yuxarı ianələri əvvəlcədən bəyan etməli olacaqlar. Bundan başqa, iri məbləğdə siyasi ianə etmək istəyən şəxslərin son bir ildə Böyük Britaniyada yaşaması əsas şərtlərdən biri olacaq.

Hökumət bildirir ki, yeni mexanizm seçkilərə xarici dövlətlərin və ya qeyri-şəffaf maliyyə mənbələrinin təsir imkanlarını minimuma endirməyi hədəfləyir. Qaydalar həm fiziki şəxslərə, həm də siyasi ianə edən şirkətlərə daha ciddi maliyyə yoxlamalarının tətbiqini nəzərdə tutur. Şirkətlərin ianə imkanları artıq dövriyyə deyil, əldə etdikləri real mənfəət əsasında qiymətləndiriləcək. 

Qərar son aylarda Böyük Britaniyada siyasi maliyyələşmə ilə bağlı yaranan müzakirələr fonunda qəbul edilib. Xüsusilə bəzi iri ianələrin mənbəyi və onların bəyan olunmaması ölkədə geniş rezonans doğurub.

Britaniya hökuməti hesab edir ki, yeni qaydalar demokratik institutların xarici təsirlərdən qorunmasına və seçki prosesinə ictimai etimadın gücləndirilməsinə xidmət edəcək.