Вернуться назад Распечатать

Sertifikasiyadan kəsilən müəllimlərin yerini kim dolduracaq? – MİQ-də vakansiyalar arta bilər

Azərbaycanda müəllimlərin sertifikatlaşdırılması prosesi bu dəfə daha çox işdən çıxarılan müəllimlərin sayı ilə diqqət mərkəzinə gəlib. Belə ki, sertifikatlaşdırmanın hər iki mərhələsində uğur qazana bilməyən 9 334 müəllimin əmək müqaviləsinə xitam verilib. Bu statistika təhsil sistemində aparılan islahatların daha sərt mərhələyə keçdiyini göstərməklə yanaşı, sertifikatlaşdırmanın müəllimlərin peşə fəaliyyətinə birbaşa təsir edən mühüm qiymətləndirmə mexanizminə çevrildiyini ortaya qoyur.

Mövzu ilə bağlı təhsil eksperti Ramin Nurəliyev 1xeber.media-ya açıqlamasında bildirib ki, təxminən 10 minə yaxın müəllim sertifikasiya imtahanında tələb olunan nəticəni toplaya bilmədiyi üçün onlara bir il möhlət verilib.

Onun sözlərinə görə, həmin müddət ərzində də müsbət nəticə əldə etməyən müəllimlərin əmək müqaviləsinə xitam verilir.

“Burada əsas diqqət çəkən məqam əmək müqaviləsinə xitam verilən müəllimlərin boşaltdığı ştatların MİQ üzrə elan olunacaq vakansiyalara əlavə edilib-edilməyəcəyidir. Bildiyimiz kimi, hər il müəllimlərin işə qəbulu (MİQ) müsabiqəsi çərçivəsində təxminən 10 min vakansiya elan olunur. Əgər sertifikasiyadan keçə bilməyən müəllimlərin boşaltdığı yerlər də bu siyahıya əlavə edilərsə, nəzəri baxımdan vakansiyaların sayı 20 minə yaxınlaşa bilər.

Hazırda bununla bağlı rəsmi açıqlama yoxdur. Lakin belə olacağı təqdirdə, bu, gənc müəllimlər üçün daha geniş məşğulluq imkanları yaradacaq. Vakansiyaların artması MİQ iştirakçılarının işə qəbul şansını yüksəldə, eyni zamanda keçid ballarına da müəyyən təsir göstərə bilər. Çünki 10 min plan yeri ilə 20 min plan yeri arasında ciddi fərq var.

Əvvəlki illərin statistikasına baxdıqda, vakansiyaların əsasən 9-10 min arasında dəyişdiyini görürük. Bu il isə həmin rəqəmin artacağı ehtimal edilir.

Sertifikasiyadan uğur qazana bilməyən müəllimlərin işdən ayrılmasının təhsilin keyfiyyətinə təsirinə gəlincə isə, mən hesab edirəm ki, bu proses keyfiyyətin yüksəlməsinə xidmət edir və sertifikasiya imtahanını birmənalı şəkildə dəstəkləyirəm. Çünki hər bir valideyn övladının ən yaxşı müəllimdən təhsil almasını istəyir. Heç kim uşağının ixtisasını yetərincə bilməyən və hazırlıq səviyyəsi zəif olan müəllim tərəfindən təhsil almasını istəməz.”

Ekspert qeyd edib ki, Elm və Təhsil Nazirliyi də təhsil müəssisələrində peşəkar və savadlı müəllimlərin fəaliyyət göstərməsində maraqlıdır.

“Sertifikasiya imtahanının əsas məqsədi məhz öz ixtisasını bilən müəllimlərin şagird qarşısına çıxmasını təmin etməkdir. Elm və təhsil naziri də çıxışlarında bu məqamı xüsusi vurğulayıb.

İllərlə məktəbdə çalışan bir müəllim öz fənni üzrə minimum keçid həddi hesab olunan 50 faizlik nəticəni belə toplaya bilmirsə, bu, ciddi suallar yaradır. Öz ixtisasını kifayət qədər bilməyən müəllimin məktəbdə fəaliyyət göstərməsi nə şagirdin, nə də bütövlükdə təhsil sisteminin maraqlarına uyğundur. Çünki belə müəllim keyfiyyətli təhsil verə bilməz.

Bu baxımdan, belə müəllimlərin sistemdən ayrılması daha hazırlıqlı və peşəkar gənc kadrların önə çıxmasına şərait yaradır. Universiteti yeni bitirmiş, müasir bilik və bacarıqlara malik gənclər MİQ müsabiqəsindən uğurla keçərək məktəblərdə fəaliyyət göstərə bilərlər.

Hesab edirəm ki, bu müəllimlər şagirdlərə daha keyfiyyətli təhsil vermək potensialına malikdirlər. Ona görə də sertifikasiya prosesini zəruri və faydalı hesab edirəm. Uğursuz nəticə göstərən müəllimlərin sistemdən ayrılması və onların yerini daha peşəkar müəllimlərin tutması təhsilin keyfiyyətinin yüksəlməsinə xidmət edəcək.

Təbii ki, bu islahatların nəticəsini qısa müddətdə görmək mümkün deyil. Sertifikatlaşdırmanın real təsirlərini yaxın 5-10 il ərzində daha aydın müşahidə edəcəyik. İnanıram ki, zaman keçdikcə bu dəyişikliklər Azərbaycan təhsil sistemində müsbət nəticələr verəcək.”

Aysel Timur

1xeber.media