Вернуться назад Распечатать

Valideynlərə çağırış: Uşaqlar sosial şəbəkələrdə necə qorunacaq?

Uşaqları kim qoruyacaq? – Deputat sosial şəbəkələrlə bağlı mühüm addımı açıqladı.

Milli Məclisdə sosial şəbəkələrdə uşaqların təhlükəsizliyinin daha etibarlı şəkildə təmin olunmasına yönəlmiş qanunvericilik dəyişikliklərinin üçüncü oxunuşda qəbul edilməsi ictimai müzakirələri yenidən gündəmə gətirib. Yeni dəyişikliklər rəqəmsal platformalarda uşaqların qarşılaşa biləcəyi risklərin minimuma endirilməsini, onların fiziki, psixoloji və mənəvi rifahının qorunmasını hədəfləyir. Yetkinlik yaşına çatmamış şəxslərin internet mühitində zərərli təsirlərdən müdafiəsi, onların sağlam düşüncəli və təhlükəsiz rəqəmsal davranışa malik fərdlər kimi formalaşması baxımından mühüm əhəmiyyət daşıyır.

Bu barədə Milli Məclisin deputatı Ceyhun Məmmədov 1xeber.media-ya açıqlamasında bildirib ki, sosial medianın həyatımıza mənfi təsirləri getdikcə daha çox hiss olunur.

Deputatın sözlərinə görə, sosial media faydalı imkanlar yaratmaqla yanaşı, müasir dövrün ən ciddi çağırışlarından birinə çevrilib:

“Sosial media müsbət tərəfləri ilə yanaşı, müasir dövrün ciddi problemlərindən birinə çevrilib. Bu baxımdan, sözügedən məsələ təkcə bizi deyil, dünyanın bir sıra ölkələrini də ciddi şəkildə narahat edir. Ona görə də bu istiqamətdə belə bir addımın atılması təqdirəlayiqdir. Artıq müəyyən məhdudiyyətlər tətbiq olunur. 16 yaşadək şəxslər üçün istifadəyə məhdudiyyət nəzərdə tutulur, 18 yaşadək şəxslərin isə valideyn nəzarəti altında olması vacib sayılır. Bu məsələ daim diqqət mərkəzində saxlanılmalıdır.”

Ceyhun Məmmədov hesab edir ki, hüquqi tənzimləmə ilə yanaşı, bu sahədə geniş maarifləndirmə və təbliğat işlərinin aparılması da zəruridir.

“Valideynlərin düzgün istiqamətləndirilməsi, onların övladlarına daha diqqətli və məsuliyyətli nəzarət etməsi vacibdir. Biz çalışmalıyıq ki, yalnız bir istiqamətdə deyil, bir neçə istiqamətdə ardıcıl addımlar ataq, effektiv tədbirlər həyata keçirək və gənclərimizi mümkün risklərdən qoruya bilək.”

Deputatın fikrincə, uşaqların rəqəmsal mühitdə təhlükəsizliyinin təmin edilməsi yalnız qanunvericiliklə deyil, dövlət qurumları, valideynlər, təhsil müəssisələri və cəmiyyətin birgə fəaliyyəti ilə mümkün ola bilər.

Aysel Timur
1xeber.media