Вернуться назад Распечатать

NATO Sammitindən dünyaya yeni siqnallar – Azərbaycan üçün hansı mesajlar var?

 Türkiyənin paytaxtı Ankara bu günlərdə beynəlxalq siyasətin və qlobal təhlükəsizlik gündəminin əsas müzakirə mərkəzinə çevrilib. 36-cı NATO Liderlər Sammiti artan geosiyasi gərginlik, davam edən silahlı münaqişələr, kibertəhlükəsizlik riskləri, enerji təhlükəsizliyi və müdafiə imkanlarının gücləndirilməsi fonunda keçirilir.

Mövzu ilə bağlı 1xeber.media-ya açıqlama verən siyasi şərhçi Əziz Əlibəyli bildirib ki, müasir dövrdə təhlükəsizlik anlayışı daha geniş məna kəsb edir və sammitdə qəbul olunacaq qərarlar yalnız NATO üzvlərinə deyil, bütövlükdə beynəlxalq təhlükəsizlik sisteminin gələcək inkişafına təsir göstərə bilər.

Onun sözlərinə görə, Ukraynada davam edən müharibə, Yaxın Şərqdəki gərginlik, Qara dəniz hövzəsində təhlükəsizlik çağırışları və yeni geosiyasi reallıqlar Alyansın qarşısında yeni vəzifələr müəyyənləşdirir.

“Bu baxımdan kollektiv müdafiə imkanlarının gücləndirilməsi, üzv ölkələrin müdafiə xərclərinin artırılması, hərbi-texniki əməkdaşlığın genişləndirilməsi, kiberməkanda təhlükələrə qarşı birgə fəaliyyət və strateji tərəfdaşlıqların inkişafı ilə bağlı qəbul ediləcək qərarlar xüsusi maraq doğurur”, – deyə Əziz Əlibəyli bildirib.

Siyasi şərhçi qeyd edib ki, sammitin Ankarada keçirilməsi təsadüfi deyil.

“NATO-nun mühüm üzvlərindən biri olan Türkiyə Avropa, Qara dəniz, Yaxın Şərq və Cənubi Qafqaz arasında strateji mövqeyə malikdir. Bu səbəbdən sammitin Ankarada təşkili həm Türkiyənin Alyans daxilində artan siyasi nüfuzunun, həm də regional təhlükəsizlik proseslərində oynadığı mühüm rolun göstəricisidir”, – deyə o vurğulayıb.

Əziz Əlibəyli hesab edir ki, sammitdə qəbul olunacaq qərarlar yalnız NATO ölkələrinin təhlükəsizlik siyasətinə deyil, Alyansla əməkdaşlıq edən tərəfdaş dövlətlər üçün də yeni istiqamətlər müəyyənləşdirəcək.

“Azərbaycan uzun illərdir NATO ilə müxtəlif proqramlar çərçivəsində əməkdaşlıq edir. Bu baxımdan sammitin nəticələrinin ölkəmiz tərəfindən diqqətlə izlənilməsi tamamilə təbiidir. Beynəlxalq təhlükəsizlik mühitində baş verən dəyişikliklər regiondakı geosiyasi proseslərə, əməkdaşlıq formatlarına və təhlükəsizlik yanaşmalarına birbaşa təsir göstərmək potensialına malikdir”, – deyə siyasi şərhçi bildirib.

Onun fikrincə, 36-cı NATO Liderlər Sammiti təkcə növbəti beynəlxalq toplantı deyil, həm də gələcək dövrdə qlobal və regional təhlükəsizlik siyasətinin əsas istiqamətlərini müəyyənləşdirəcək mühüm siyasi platformalardan biri kimi qiymətləndirilməlidir.

Qeyd edək ki, Türkiyənin paytaxtı Ankara şəhərində keçirilən 36-cı NATO Liderlər Sammiti iyulun 7-də öz işinə başlayıb.

Aysel
1xeber.media