Вернуться назад Распечатать

Gürcü deputat: ATƏT regionunda görünməmiş çətinliklərlə üzləşirik

Dünyada iqtisadi təhlükəsizliyin, enerji dayanıqlığının, iqlim dəyişikliyinə qarşı mübarizənin sülhün və təhlükəsizliyin ayrılmaz hissəsinə çevrildiyi bir vaxtda ATƏT regionunda görünməmiş çətinliklərlə üzləşirik.

1xeber.media xəbər verir ki, bunu Gürcüstan parlamentinin Ətraf mühit və təbii sərvətlər komitəsinin sədri, deputat Maia Bitadze ATƏT Parlament Assambleyası formatında keçirilən İqtisadi məsələlər, elm, texnologiya və ətraf mühit komitəsinin iclasında çıxışı zamanı deyib.

O, bu çətinliklərə misal olaraq müxtəlif münaqişələri, eləcə də iqlim dəyişikliyinin artan təsirini və beynəlxalq hüquqa hörmətin tədricən azalmasını göstərib.

Komitə sədri, eyni zamanda, vurğulayıb ki, Gürcüstan Avropa, Cənubi Qafqaz və Xəzər regionu arasında etibarlı körpüyə çevrilib. “Ölkə əlaqələri gücləndirir, təhlükəsiz ticarəti və enerji marşrutlarının inkişafını təşviq edir. Qara dəniz sualtı kabeli və Yaşıl Enerji Dəhlizi kimi layihələr yalnız infrastruktur təşəbbüsləri deyil, bunlar Avropanın uzunmüddətli enerji şaxələndirilməsinə, dayanıqlığına və iqtisadi inkişafına strateji investisiyalardır”, - deyə Maia Bitadze diqqətə çatdırıb.

O bildirib ki, iqlim dayanıqlığına siyasi sabitlik, qarşılıqlı etimad və beynəlxalq öhdəliklərə hörmət olmadan nail olmaq mümkün deyil. Buna görə də, ümumi diqqət məhz bu kimi qlobal və regional problemlərin həllinə yönəlməlidir.