Вернуться назад Распечатать

Rutte Trampı və NATO üçün gördüyü işləri yüksək qiymətləndirib

NATO-nun baş katibi Mark Rutte ABŞ prezidenti Donald Trampı və onun ittifaq üçün etdiklərini bəyəndiyini etiraf etdi.

1xeber.media xəbər verir ki, o, bunu Politico-ya verdiyi müsahibədə bildirib.

"Mən sadəcə bu adamı bəyənirəm. Düşünürəm ki, onun NATO üçün etdikləri əla xəbərdir", - Rutte deyib.

NATO rəhbəri əlavə edib ki, Tramp ittifaq müttəfiqlərindən müdafiə xərclərini artırmağı və silahlı qüvvələrini modernləşdirməyi, eləcə də İrana qarşı zərbələr endirməyi tələb etməkdə haqlı idi.

"Bu,  Trampın siyasətinin qeyd-şərtsiz təsdiqi idi və bu, bəzən digər ittifaq üzvləri arasında narazılığa səbəb olub", - deyə nəşr Ruttenin sözlərini şərh edərkən yazıb.

Rutte həmçinin müsahibədə vurğulayıb ki, Tramp ikinci müddətində ABŞ-ın 34-cü prezidenti Duayt D. Eyzenhauerdən bəri heç bir dövlət başçısının bacarmadığı bir şeyi həyata keçirir.

"Prezident Tramp mahiyyət etibarilə Amerika prezidentlərinin Eyzenhauerdən bəri nail olmağa çalışdığı işi - ABŞ və Avropa arasında müdafiə xərclərini bərabərləşdirməyi - həyata keçirir", - deyə o qeyd edib.

Donald Tramp daha əvvəl ABŞ-ın NATO-ya xərcləməsindən qəzəbləndiyini bildirmişdi. O, iddia edirdi ki, ABŞ digər ölkələrə nisbətən ittifaqa daha çox pul xərcləyir və heç bir fayda əldə etmir.