Вернуться назад Распечатать

İTM yenə keçmiş nazirin şirkəti ilə anlaşdı: 12.3 milyonluq dərman alacaq

İnnovasiya və Təchizat Mərkəzi (İTM) daha bir tenderə yekun vurub.

1xeber.media xəbər verir ki, qurum tibb müəssisələrinin ehtiyatlarının təminatı məqsədilə dərman vasitələrinin satın alınmasını həyata keçirəcək.

Məlumatda qeyd edilir ki, tenderin qalibi “ZEYTUN PHARMACEUTİCALS” MMC olub. Şirkət Mərkəzə 12 milyon 360 min 201 manatlıq dərman satacaq.

Tribuna.az açıq mənbələr üzərindən kiçik bir araşdırma aparıb. Məlum olub ki, İTM-lə “Xeytun Pharmacetuticals” arasında bu ilk və son tender anlaşması deyil. Artıq illərdir tərəflər milyonluq tenderlər həyata keçiriblər. Son 4 ildə bu tenderlərin sayının 100-ə yaxın olduğuna dair məlumatlar var.

Qeyd edək ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, “Zeytun Pharmaceuticals” MMC 9 oktyabr 2014-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 2000 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nizami rayonu, Oqtay Vəliyev küçəsi, ev 21C-də yerləşir. MMC-nin qanuni təmsilçisi Şirəliyev Bəhruz Əvəz oğludur.

Bəhruz Şirəliyev vaxtilə “Rəvan” futbol klubunun vitse-prezidenti vəzifəsində çalışıb.

tribuna.az

Araşdırma zamanı o da məlum olub ki, “Zeytun Pharmaceuticals” MMC “Farum Qafur” MMC ilə eyni hüquqi ünvanda qeydiyyatdadır. “Farum Qafur” MMC artıq ləğv edilib. Bu şirkətin qanuni təmsilçisi Tağıyev Zamir Elşad oğlu olub.

Mediada gedən məlumatlara görə, Zamir Tağıyevin qanuni təmsilçisi olduğu başqa şirkətlər də var. Onlardan biri də “Azmedkom” MMC-dir. Artıq ləğv olunan bu şirkətin təsisçisi isə keçmiş səhiyyə naziri Oqtay Şirəliyevin oğlu Kazım Şirəliyev olub.

Bu fakt göstərir ki, “Zeytun Pharmaceuticals” MMC-nin Səhiyyə Nazirliyinə, daha doğrusu, qurumun keçmiş rəhbərliyinə yaxın şirkətdir.

Bundan başqa məlumatlarda qeyd edilir ki, “Zeytun Pharmaceuticals” MMC-nin keçmiş hüquqi ünvanı Səbail rayonu, Niyazi küçəsi ev 5, mənzil 15-də yerləşib. Bu ünvan Səhiyyə Nazirliyinin “Dərmanların Analtik Ekspertizasi Mərkəzi” MMC-nin keçmiş direktoru Əbülfəz Abdullazadənin qeydiyyatda olduğu mənzildir. Müəssisə yaradılanda Əbülfəz Abdullazadə “Dərmanların Analtik Ekspertizasi Mərkəzi”nin direktoru vəzifəsində işləyib. Dərman preparatlarının lisenziyası ilə məşğul olan bir qurumun rəhbərinin ünvanında dərman şirkəti qeydiyyatdan keçib.