Aydın Mirzəzadə: “Əsas məsələ təbii fəlakətlərin qarşısını almaq deyil, onların təsirlərini minimuma endirməkdir”
Son dövrlərdə dünyanın müxtəlif ölkələrində baş verən ekstremal hava hadisələri iqlim dəyişikliklərinin yaratdığı risklərin getdikcə daha qabarıq şəkildə hiss olunduğunu göstərir. ABŞ-ın Nyu-York şəhərində intensiv yağışlar nəticəsində küçələr, metro stansiyaları və yaşayış məntəqələri su altında qalıb. Bundan əvvəl Türkiyənin İstanbul şəhərində, İtaliyanın müxtəlif bölgələrində və digər ölkələrdə də leysan yağışları ciddi subasma və daşqınlara səbəb olub.
Bu hadisələr bir daha sübut edir ki, inkişaf səviyyəsindən, iqtisadi gücündən və texnoloji imkanlarından asılı olmayaraq, heç bir ölkə təbii fəlakətlərdən tam sığortalanmayıb. Hazırda Azərbaycan və region ölkələri üçün də intensiv yağıntılarla bağlı hava xəbərdarlıqları verilir. Belə şəraitdə dövlət qurumlarının hazırlıq səviyyəsi ilə yanaşı, vətəndaşların təhlükəsizlik qaydalarına əməl etməsi də xüsusi əhəmiyyət kəsb edir. Müasir dövrdə əsas məqsəd təbii fəlakətlərin qarşısını tam almaq deyil, onların yaratdığı fəsadları qabaqlayıcı tədbirlər, düzgün şəhərsalma, erkən xəbərdarlıq sistemləri və operativ müdaxilə mexanizmləri vasitəsilə minimuma endirməkdir.
Bu fikirləri 1xeber.media-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə səsləndirib.
Deputat bildirib ki, təbii fəlakətlər dünyanın müxtəlif bölgələrində vaxtaşırı baş verir və Azərbaycan da bu risklərdən tam sığortalanmayıb.
“Bununla belə, ölkəmizdə təbii fəlakətlərə qarşı hər zaman ciddi hazırlıq görülür. Kommunikasiya infrastrukturunun yenidən qurulması, vaxtilə Fövqəladə Hallar Nazirliyinin yaradılması və onun müasir maddi-texniki baza ilə təmin edilməsi bu istiqamətdə atılan mühüm addımlardandır. Bəzən təbii fəlakətin miqyası gözləniləndən böyük olsa da, bu, cəmiyyətdə idarəolunmaz vəziyyət yaratmır.”
Aydın Mirzəzadənin sözlərinə görə, dövlət baş verən fəlakətlərin nəticələrinin aradan qaldırılması və zərərçəkmiş vətəndaşların dəstəklənməsi üçün bütün imkanlarını səfərbər edir.
“Bir müddət əvvəl Bakı və Abşeronda müşahidə olunan güclü yağışlar nəticəsində bəzi obyektlərə və fərdi yaşayış evlərinə ziyan dəymişdi. Həmin ərazilərdə bərpa işlərinin aparılması üçün dövlət tərəfindən əhəmiyyətli həcmdə vəsait ayrıldı. Bu da göstərir ki, dövlət bu məsələləri daim diqqətdə saxlayır. Eyni zamanda, gələcəkdə baş verə biləcək təbii fəlakətlərin ağır nəticələrini minimuma endirmək məqsədilə qabaqlayıcı tədbirlər mütəmadi olaraq davam etdirilir.”
Aysel
1xeber.media