Qlobal texnologiya nəhəngləri süni intellekt (Sİ) alətlərinin iş səmərəliliyini artırdığını iddia etsələr də, dünya mediasında, xüsusən də Qərb mətbuatında tamamilə əksini sübut edən yeni bir ofis böhranı müzakirə olunur. Aparılan qlobal araşdırmalar göstərir ki, korporativ şirkətlərdə fərqli bir bürokratik problem – "Sİ slop" (süni intellekt tullantısı) epidemiyası yaranıb.
Redaksiyamıza edilən müraciətlərdə yerli onlayn platformalarda çalışan bəzi gənclər də artıq bu problemlə qarşılaşdıqlarını gizlətmirlər. Məsələ burasındadır ki, ofis işçiləri hər hansı bir tapşırığı, layihə planını və ya rəsmi məktubu özləri yazmaq əvəzinə, saniyələr içində populyar çat proqramlarına yazdırır və heç bir düzəliş etmədən həmkarına göndərirlər. Qarşı tərəf isə gələn bu uzun və robotik mətni oxumaqdan bezərək, onu anlamaq üçün yenidən başqa bir süni intellekt proqramına yükləyir. Nəticədə, iş prosesi sürətlənmək əvəzinə, iki fərqli robotun bir-birinə göndərdiyi lazımsız məlumat kütləsini təmizləməyə sərf olunur və real istehsalat dəfələrlə yayaşayır.
1xeber.media-nın dünya İT mətbuatından topladığı rəylərə görə, mütəxəssislər artıq bu tendensiyanın şirkətlərə milyonlarla dollar ziyan vurduğunu vurğulayırlar. Ekspertlər qeyd edirlər ki, proqramların yaratdığı "saxta məhsuldarlıq" illüziyası işçilər arasında fərdi təfəkkürü və yaradıcılığı tamamilə sıradan çıxarır. Bir çox beynəlxalq şirkət artıq daxili yazışmalarda süni intellekt şablonlarından istifadəyə gizli qadağalar qoymağa başlayıb. Çünki texnologiya insan əməyini asanlaşdırmaq üçün nəzərdə tutulsa da, onun kor-koranə istifadəsi ofis mühitində ciddi bir zaman və kadr böhranına yol açır.