Küçədə, kafedə, metroda, sosial şəbəkə lentində hər gün onlarla fərqli insan görürük. Daha doğrusu, bizə elə gəlir ki, fərqli insanlardır. Diqqətlə baxanda isə qəribə, bir az da təəccüblü bir mənzərə yaranır: eyni qaldırılmış qaşlar, eyni şişirdilmiş dodaqlar, eyni kiçildilmiş burunlar və eyni çənə xətləri. Sanki hamını eyni estetik qəlibdən çıxarıblar.
Müasir dövrdə estetik cərrahiyyə və kosmetologiya böyük bir populyarlıq qazanıb, amma bu trend özü ilə bərabər böyük bir vizual monotonluq gətirib. Yaxşı, bəs fərdiliyin arxa plana keçməsini xatırladan bu "eyniləşmə" həvəsi haradan qaynaqlanır? Biz niyə bir-birimizə oxşamağa bu qədər can atırıq?Bu sualın cavabı təkcə "gözəl görünmək" istəyində gizlənmir. Problem daha dərindir.
İlk növbədə, qarşımıza qlobal sosial şəbəkələrin, xüsusən də virtual platformaların diktə etdiyi "gözəllik filtrləri" çıxır. Virtual aləmdə yaradılan o ideal, hamar və qüsursuz vizual, insanların şüuraltına bir təzyiq kimi oturur. Gənclər güzgüdəki real əkslərini yox, telefon ekranındakı o effektləri sevməyə başlayırlar.
Sonra isə həmin effekti real həyata köçürmək üçün mütəxəssislərin qapısını döyürlər. Nəticədə isə fərdi gözəllik zəifləyir, yerini rəqəmsal dünyanın yaratdığı standart şablonlar tutur.Digər bir tərəfdən, bu trend kütləvi psixologiyadan qidalanır. İnsan sosial varlıqdır və çox vaxt qəbul olunmaq, bəyənilmək üçün ümumi dəbə uyğunlaşmağa çalışır.
Əgər bu gün qlobal vizual mediada müəyyən bir dodaq forması və ya burun forması "baxımlılıq" və ya "müasirlik" rəmzi kimi qəbul edilirsə, digərləri də özünü bu müasirlik dalğasından kənarda hiss etmək istəmir. Yəni, fərqli olmaq qorxusu, hamı kimi olmaq rahatlığından daha ağır gəlir. İnsanlar öz unikal cizgilərini qorumaq yerinə, çoxluğun bəyəndiyi o vahid "gözəllik standartı"nı daşımağı seçirlər.Əsl problem isə odur ki, bu prosesdə təkcə üzlər yox, həm də mimikalar, ifadələr eyniləşir. Bir insanın təbəssümündəki o səmimi cizgi, baxışındakı o fərqli məna müdaxilələrin gətirdiyi standart ifadə ilə əvəzlənir. Biz fərdiliyimizi bəzən öz əlimizlə dəb xatirinə qurban veririk.
Gözəllik hər kəsin özünəməxsus olmasındadır. Çünki təbiət heç vaxt iki eyni yarpaq belə yaratmır. Biz isə təbiətin bu qızıl qaydasına qarşı çıxaraq, eyni standartda görünməyə çalışırıq. Bəlkə də artıq dayanmaq, güzgüyə baxmaq və o standart cizgilərin arxasında itən öz unikal kimliyimizi qiymətləndirməyin vaxtıdır. Çünki hamının eyni cür gözəl olmağa çalışdığı yerdə, əslində real gözəllik öz dəyərini itirir.
Gəlin, nəhayət, bu süni axına qarşı durub bir anlıq dayanaq və özümüzə baxaq. Çünki bu kütləvi dəyişim bizi yaxşı, fərqli və ya daha xoşbəxt bir yerə aparmır; əksinə, içimizdəki o unikal insanı addım-addım məhv edir. Axı bizi biz edən, elə o bəyənmədiyimiz xırda "qüsurlarımız", hamıdan fərqlənən təbii cizgilərimizdir. Dəb gəldi-gedərdir, amma insanın öz kimliyi birdəfəlik itəndə onu geri qaytarmaq qeyri-mümkün olur. Gəlin başqası olmaq, kiməsə bənzəmək yarışını buraxaq. Gəlin sadəcə özümüz olaq. Çünki bu dünyada hər kəsdən bir nüsxə var və ən böyük gözəllik elə o yeganə nüsxəni qoruyub saxlaya bilməkdir
Aidə Tofiqqızı
1xeber.media