Cəmiyyətimizin ən ağrılı və hələ də tam həllini tapmayan sosial yaralarından biri də gənclər, xüsusən də azyaşlı qızlar arasında erkən nikahların bağlanması problemidir. Maarifləndirmə tədbirlərinin, hüquqi sanksiyaların və aidiyyəti dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının ciddi mübarizəsinə baxmayaraq, bəzi regionlarda və paytaxtın ətraf kəndlərində hələ də "böyüklərin xeyir-duası" adı altında yetkinlik yaşına çatmayan şəxslərin gələcəyi qaraldılır.
1xeber.media olaraq apardığımız araşdırmalar göstərir ki, erkən nikahlar çox vaxt rəsmi qeydiyyat olmadan, yalnız dini kəbinlə həyata keçirilir və bu da məsələnin real miqyasını gizlədir.
Sosioloqların rəyinə görə, bu problemin kökündə bəzi ailələrin qız övladlarına müstəqil bir fərd, təhsil almalı və peşə sahibi olmalı bir insan kimi deyil, "başqasının ocağına köçməli olan bir yük" kimi baxması dayanır. Hələ fiziki, psixoloji və mənəvi cəhətdən ailə qurmağa, ana olmağa hazır olmayan bir yeniyetmənin çiyinlərinə böyük bir məsuliyyət qoyulur. Nəticə isə əksər hallarda faciəvi olur: erkən qurulan ailələrdə tərəflərin xarakter uyğunsuzluğu, məişət çətinlikləri və psixoloji hazırlıqsızlıq qısa müddətdə şiddətə və boşanmalara gətirib çıxarır.
Hüquqi tərəfdən isə rəsmi nikah olmadığı üçün boşanma zamanı gənc ana və uşaqlar heç bir aliment və ya mülkiyyət hüququ qazana bilmir, tamamilə çarəsiz vəziyyətdə qalırlar. Həkimlər isə erkən yaşda hamiləliyin həm ananın, həm də doğulacaq körpənin sağlamlığı üçün ölümcül risklər daşıdığını həyəcan təbili ilə diqqətə çatdırırlar. Bu bəlanın qarşısını almaq üçün cəmiyyətdə ümumi bir qınağın formalaşması və hər bir vətəndaşın bu cür halları gördükdə səssiz qalmamağı şərtdir.