Вернуться назад Распечатать

Deputat spikerin müdafiəsinə qalxdı: “Cəlaloğlu Sahibə Qafarovaya böhtan atır”

 

Deputat Fazil Mustafa özünün Facebook hesabında ADP sədri Sərdar Cəlaloğlu haqqında sərt fikirlər yazıb.

1xeber.media xəbər verir ki, o, partiya sədrini “böhtançı” adlandırıb.

Fazil Mustafa qeyd edib: “Siyasi mühitimizdə böhtançı kimliyi ilə tanınan ADP sədri Sərdar Cəlaloğlu ilə dəfələrlə sərt qarşıdurmalarımız olub. Uzun illər öncəyə dayanan normal insani münasibətləri nəzərə alaraq bir çox hallarda atdığı böhtanlara əhəmiyyət verməsəm də, İrançı şəbəkənin ruporlarından birinə çevrildiyi məqamlarda onun görüşlərinə qarşı dəfələrlə sərt açıqlamalarla çıxış etmişəm. Maraqlıdır ki, şəxsimə qarşı məzhəb faşistlərinin törətdiyi terror hadisəsi ilə bağlı keçirilən məhkəmə prosesində terrorçular müdafiə üçün əsas arqumentlərdən biri kimi Sərdar Cəlaloğlunun şəxsimə atdığı böhtanlara baş vururdular. Bu barədə “Cəhalət gülləsi, aydınlıq çiləsi” adlı kitabımda da ətraflı bəhs etmişəm”.

O daha sonra qeyd edib ki, Milli Məclisinin sədri Sahibə Qafarova haqqında Sərdar Cəlaloğlunun bir ay öncə verdiyi vidio-müsahibədə və bu çıxışın “TikTok” sosial şəbəkəsindəki kəsintisində səsləndirdiyi fikirlər qarşısına çıxıb. Deputat bundan qətiyyən təəccüblənmədiyini vurğulayıb. “Peşəkar böhtançının bu dəfəki hədəfi yalnız ali dövlət vəzifəsində çalışan bir siyasətçi deyil, həm də elm xadimi olan ziyalı bir Azərbaycan xanımı idi. Sərdar Cəlaloğlu bildirirdi ki, Sahibə xanım Qafarovanın sədr seçilməzdən öncə Bakı Slavyan Universitetində prorektor olaraq çalışdığına görə Rusiyanın maraqlarına xidmət etdiyi qənaətindədir. O, həmçinin Slavyan Universitetini Rusiyanın maraqlarını açıq şəkildə müdafiə edən bir mərkəz kimi xarakterizə edib və həmin ali təhsil ocağından olan bir şəxsin Milli Məclisə sədr seçilməsini narahatlıq doğuran məsələ olduğunu vurğulayıb”.

Fazil Mustafa yazıb ki, burada söhbət sadəcə böhtandan getmir. “Uzun illər siyasi həyatda olan və az-çox kitab mütailəsi ilə seçilən bir siyasətçinin axtarıb tapdığı bu qədər bəsit, səfeh bir arqumentdən gedir. Maraqlıdır ki, bu təhsil müəssisəsində çalışmazdan öncə Sahibə Qafarova paytaxtımızda yerləşən Qərb Universitetində prorektor vəzifəsində olub. Bu ağılla Sərdar Cəlaloğlu gərək söyləyəydi ki,  öncə Qərbə bağlı olub, sonra Rusiyaya yönəlib. Demək ki, bu böhtançının düşüncəsinə görə Bakı Slavyan Universiteti Rusiyanın “arxa bağçası” imiş və orada kim çalışmışsa, oxumuşsa dolayı yolla Rusiyaya xidmət etmişdir. O halda Azərbaycan Dillər Universiteti hansı statusda olur? ABŞ imperializminə,  yaxud alman ideologiyasına, Fransa mədəniyyətinə xidmət edənlərin məkanımı? Yaxud mənim kimi on minlərlə insanın məzun olduğu Bakı Dövlət Universiteti vaxtilə Kirov adına Azərbaycan Dövlət Universiteti adlanırdı, bu məntiqsizliyə görə bəlkə  bizlər də oraya Kirova, dolayı yolla Sovet Rusiyasına  olan gizli  rəğbətimizə görə daxil olmuşuq? Bəs Sərdar Cəlaloğlunun illər öncə məzunu olduğu Tibb Universiteti necə? Dünya orqan köçürmə mafiyasına mütəxəssis yetişdirən bir məkan olmasın ha”.

Bunun ardından  deputat spikeri müdafiə edərək, onu dürüst və obyektiv bir ziyalı xanım olmaqla yanaşı, öz ixtisası üzrə ən savadlı alimlərdən biri kimi xarakterizə edib. “Parlamentə sədr seçiləndən sonra bütün beynəlxalq platformalarda Azərbaycanı yüksək intellektual qabiliyyəti ilə layiqincə təmsil edir. İndi hansısa axmaq çıxıb söyləsə ki, rus dilində bu cür mükəmməl səviyyədə danışırsa, demək Rusiyaya yaxındır, ingilis dilində öz ana dili səviyyəsində çıxış edirsə, görüşlər keçirirsə, beynəlxalq təşkilatların tədbirlərinə sədrlik edirsə o halda ABŞ-a və ya Avropa Birliyinə yaxındır, bu iddiaları ciddi qəbul edənlərin ağlından şübhə etməzsinizmi?”

Fazil Mustafa sonda təssüfləndiyi məqamdan da danışıb. “Tez-tez söyləyirik ki, Azərbaycanda qadınların siyasi həyatda, dövlət vəzifələrində sayı azdır, yaxud da rolları aşağıdır. Ardınca da biriləri utanmadan, çəkinmədən açıq-aşkar böhtan olduğunu bildiyi halda ölkəni layiqincə təmsil edən bir siyasətçi xanıma qarşı bu cür qarayaxmaya baş vurursa, bu hallar bəri başdan xanımlarımızın siyasi aktivliyini, cəsarətini əngəlləyən amilə çevrilir. Kiminsə siyasi platformasını, baxışlarını qəbul etməmək normal bir təzahürdür, ancaq yüzlərlə müəllimin çalışdığı, tələbənin təhsil altığı hansısa bir təhsil ocağını töhmət altında buraxmaq qətiyyən əxlaqlı davranış sayıla bilməz”.

tribuna.az