Вернуться назад Распечатать

Eyni dam altında iki yad insan: Müasir ailələrin "səssiz" böhranı

 Eyni dam altında iki yad insan: Müasir ailələrin "səssiz" böhranı

Son zamanlar ətrafımıza, dost-tanış mühitinə diqqət yetirəndə və ya rəsmi boşanma statistikalarına nəzər salanda insan istər-istəməz dərin bir narahatlıq keçirir. Niyə müasir dövrdə ailələr bu qədər tez dağılır? Əslində, məsələnin görünən tərəfi məhkəmə salonlarında bitən rəsmi boşanmalardırsa, görünməyən və bəlkə də daha ağrılı tərəfi eyni evin içində, eyni dam altında bir-birinə tamamilə yadlaşmış insan bəlasıdır.

Bu gün cəmiyyətimizdə elə ailələr var ki, rəsmi olaraq evlidirlər, eyni mənzili paylaşırlar, lakin mənəvi olaraq aralarında kilometrlərlə məsafə var. Bir evdə yaşayan iki yad insan...Yaxşı, bəs bizi bu nöqtəyə gətirən, insanlarımızı bir-birindən bu qədər uzaqlaşdıran real səbəblər, o sosial sıxıntılar nədir?

Məncə, problemin kökündə dayanan ən böyük amillərdən biri dialoqun, yəni canlı ünsiyyətin itməsidir. Keçmişdə ailə üzvləri axşamlar bir araya gələrdi, dərdləşərdi, günün yorğunluğunu bir fincan çay arxasında bir-biri ilə bölüşərdi. İndi isə hər kəsin əlində bir ağıllı telefon var. İşdən evə qayıdan tərəflər bir-biri ilə danışmaq, partnyorunun gözünün içinə baxıb "günün necə keçdi?" soruşmaq əvəzinə, virtual dünyanın parıltılı ekranlarına qapanırlar.

Biz sosial şəbəkələrdə heç tanımadığımız insanların həyatını izləməyə saatlarımızı ayırırıq, amma yanı başımızda oturan, həyatımızı bölüşdüyümüz insanın ruhundakı tənhalığı görmürük. Beləcə, günlər aylara, aylar illərə çevrilir və bir də ayılırıq ki, qarşımızdakı insan bizim üçün tamamilə kənar birinə çevrilib.

Bununla yanaşı, boşanma saylarının bu qədər kəskin artmasının arxasında real məişət və sosial problemlər də dayanır. Müasir gənc ailələr çox vaxt həyatın ilk çətinlikləri, maddi məsuliyyətlər və gündəlik qayğılar qarşısında tək qalırlar. Evlilik sadəcə parıltılı toy günündən ibarət deyil; bura birgə büdcə idarə etmək, çətin anlarda bir-birinə çiyin vermək və ən əsası, qarşılıqlı güzəştə getmək daxildir.

Təəssüf ki, bir çox gənclər bu sosial sıxıntılarla və xarakter uyğunsuzluğu ilə üzləşəndə problemi birlikdə həll etmək əvəzinə, ən asan yolu – bir-birini günahlandırmağı seçirlər. Müasir istehlak cəmiyyəti bizə xarab olan nəyisə təmir etməyi deyil, onu atıb yenisini almağı öyrədir. Bu zərərli yanaşma, təəssüf ki, insan münasibətlərinə də sirayət edib.

İnternet məkanında təqdim olunaraq gənclərin beyninə yeridilən o saxta, problemsiz "ideal həyat" illüziyası da real həyatın reallıqları ilə toqquşanda dözümsüzlük yaradır və boşanma qərarlarını sürətləndirir.Amma unuduruq ki, ailə qurmaq bəlkə də sadə bir imza ilə asandır, lakin onu dağıtmaq, o təməli tamamilə yerlə-yeksan etmək çox ağır və çətin bir məsələdir. Xüsusilə də ortada uşaq faktoru olanda bu addımın fəsadları bütöv bir gələcəyi zərbə altında qoyur. Böyüklərin verdiyi səhv qərarların, anlıq əsəblərin və eqoların bədəlini hər şeydən xəbərsiz, günahsız uşaqlar ödəməli olur.

Ailə daxilindəki soyuqluq, davalar və sonda reallaşan ayrılıq uşaq psixologiyasında dərin, ömür boyu sağalmayan yaralar açır. Ata və ya ana sevgisindən mahrum, parçalanmış mühitdə böyüyən uşaqlar gələcəkdə cəmiyyətə inteqrasiya olmaqda və özləri sağlam ailə qurmaqda ciddi travmalar yaşayırlar. Onların uşaqlığı, mənəvi rahatlığı bu boşanma proseslərinin arasında əzilib gedir.

Ailə sadəcə eyni ünvanda gecələmək, ortaq büdcə idarə etmək və ya eyni soyadı daşımaq rəsmiyyəti deyil. Ailə mənəvi sığınacaqdır. Əgər bir evdə sevgi, diqqət, ən əsası isə qarşılıqlı hörmət və dinləmə mədəniyyəti bitibsə, o ev artıq yuva deyil, sadəcə divarlardan ibarət bir məkandır.

Bu səssiz böhrandan çıxış yolu isə ekranları söndürüb bir-birimizin səsinə qulaq vermək, çətinliklərə qarşı birgə mübarizə aparmaq və ailənin bir rəsmiyyət deyil, canlı mənəvi bağ olduğunu yenidən xatırlamaqdır. Gec olmadan o addımı atmalıyıq, çünki qorunmayan hər bir yuva təkcə iki insanın ayrılığı deyil, həm də bir uşağın gələcəyinin, dünyasının dağılması deməkdir.

Aidə Tofiqqızı

1xeber.media