Вернуться назад Распечатать

Türkiyədə mindiyi təyyarəni yolda dəyişdirdi - Trampın İran qorxusu (VİDEO)

ABŞ prezidenti Donald Tramp NATO-nun Ankaradakı zirvə toplantısına Qətər tərəfindən ona hədiyyə edilən yeni Boeing 747-8 təyyarəsi ilə gəlib. Lakin o, ötən gün geri dönərkən ölkəni eyni lüks təyyarə ilə tərk etməyib. 

1xeber.media xəbər verir ki, Tramp Məxfi Xidmətin tələbi ilə Ankaraya gətirilən köhnə "Air Force One" təyyarəsindən istifadə edib.

Bu qəfil dəyişikliyin İranla yenidən münaqişənin baş verməsi ehtimalı ilə görülən təhlükəsizlik tədbiri nəticəsində tətbiq edildiyi iddia olunur. 

Həssas təhlükəsizlik məsələləri səbəbindən anonimlik istəyən mənbələr bildiriblər ki, Trampın təyyarəsinin Türkiyədən qalxarkən dəyişdirilməsi konkret bir təhdidə cavab olaraq deyil, Məxfi Xidmətin məsləhəti ilə görülən ehtiyat tədbiri olub. Bundan əlavə, təyyarədəki sərnişinlərə uçuşdan əvvəl pəncərə pərdələrini endirmək üçün ciddi təlimatlar verilib.

Vaşinqtona yola düşməzdən əvvəl jurnalistlərə verdiyi açıqlamada ABŞ prezidenti bildirib ki, Ankaradan qalxarkən pəncərələrin bağlanması təlimatı İrandan gələn təhdidlər səbəbindən "təhlükəli təyyarədə" olduqları üçün verilə bilər.

Ankaradan köhnə təyyarə ilə ayrılan Tramp, İngiltərədəki hərbi bazada Qətər tərəfindən bağışlanmış yeni təyyarəyə keçib.

Bu təyyarə dəyişikliyi Trampın yeni təyyarəsinin son bir ildə lazımi təhlükəsizlik tədbirləri ilə təchiz edilib-edilməməsi ilə bağlı sualları daha da artırıb.

Tramp verdiyi açıqlamada təyyarədəki dəyişikliyin təhlükəsizliklə bağlı olduğunu inkar edib. O, yeni təyyarənin bölgədəki Amerika hərbi bazalarında əsgərlərə nümayiş etdirilməsi üçün erkən yola düşdüyünü deyib.

Mütəxəssislər bildirirlər ki, yeni təyyarə dəbdəbəli interyerə malik olsa da, hələ də qabaqcıl raketdən müdafiə sistemləri və potensial nüvə partlayışının elektromaqnit (EMP) təsirlərindən qorunma təmin edən ağır struktur avadanlıqları ilə təchiz olunmayıb. 

Konqres üzvləri və bəzi Pentaqon rəsmiləri uzun müddətdir ki, sürətlənmiş vaxt cədvəli səbəbindən bu vacib dəyişikliklərin vaxtında başa çatdırılmamasından narahatlıqlarını ifadə edirlər.

Ağ Evin Kommunikasiya Direktoru Stiven Çeunq yazılı açıqlamasında iddiaları rədd edərək bunları bildirib: "Yeni "Air Force One" Prezidentin və komandasının təhlükəsizliyini təmin edən qabaqcıl təhlükəsizlik protokolları ilə təchiz olunmuş ən müasir təyyarədir. Bir çox düşmənin, xüsusən də İranın hədəfi olan Prezidentimizi qorumaq üçün əlimizdə olan hər vasitədən - o cümlədən yayındırma və aldatma taktikalarından istifadə edirik".