“Azərbaycanda əmanətlərin manatla yerləşdirilməsi hazırda xarici valyuta ilə müqayisədə daha yüksək gəlir vəd edir”.
1xeber.media xəbər verir ki,bunu Demokrat.az-a açıqlamasında iqtisadçı Xalid Kərimli deyib.
Onun sözlərinə görə, banklar bir illik manat əmanətlərinə orta hesabla 10–11 faiz, xarici valyutada, o cümlədən ABŞ dolları ilə yerləşdirilən əmanətlərə isə 2–2,5 faiz gəlirlilik təklif edirlər:
“Qanunvericiliyə uyğun olaraq illik faiz dərəcəsi 12 faizə qədər olan və məbləği 100 min manatadək manat əmanətləri, eləcə də illik 2,5 faizə qədər gəlirliliyə malik və 100 min manat ekvivalentinədək xarici valyuta əmanətləri sığortalanır. Məzənnə riski ilə bağlı isə heç bir təminat yoxdur və bu riski vətəndaş özü qiymətləndirməlidir. Manat əmanətlərinin gəlirliliyi hazırda ölkədəki inflyasiya səviyyəsini üstələdiyi üçün gəlirlilik baxımından manat daha sərfəli seçim hesab oluna bilər”.
İqtisadçı sonda əlavə edib ki, hazırda devalvasiya üçün məcburi iqtisadi zərurət görünmür və ilin sonunadək ciddi məzənnə riski müşahidə edilmir.