Вернуться назад Распечатать

Yasamalda MTK özbaşınalığı: “Bizim Ev” sakinləri təhdid edir, hasarları sökür! — Hüquqşünas xəbərdarlıq etdi

Bakı şəhərinin Yasamal rayonu, Həsən bəy Zərdabi küçəsi 69 ünvanında yerləşən yaşayış sahəsində sakinlər ilə “Bizim Ev” MTK tikinti şirkəti arasında gərginlik pik həddə çatıb. Redaksiyamıza müraciət edən sakinlərin sözlərinə görə, illərdir davam edən söküntü və qazıntı işləri gecə-gündüz ağır texnikaların səs-küyü ilə müşayiət olunur və hərəkəti tamamilə iflic edib. Tikinti narahatlığını aşan bu fəaliyyət artıq vətəndaşların konstitusion hüquqlarının, mülkiyyət və təhlükəsizlik hüquqlarının kobud şəkildə pozulması ilə nəticələnir.

Evdə olmadıqları vaxt həyətlərə girib söküntü aparırlar
Sakinlərin ən ciddi iddialarından biri mənzillərin sökülməsi ilə bağlı şirkətlə müqavilə bağlamaqdan imtina edənlərə göstərilən təzyiqlər və hədə-qorxulardır. Sakinlər bildirirlər ki, onlar evdə olmadıqları vaxtlarda MTK əməkdaşları qanunsuz olaraq həyətlərə daxil olur, ağacları kəsir, hasarları və divarlardakı dəmir konstruksiyaları xüsusi alətlərlə sökürlər.
Son hadisələrdən birində sakinlərdən birinin mülkünə icazəsiz daxil olan şəxslərin dəmir konstruksiyaları kəsməsi qonşuların müdaxiləsindən sonra dayandırılıb. Bu qanunsuzluq anı ərazidəki müşahidə kameraları tərəfindən anbaan qeydə alınıb. Sakinlər həmçinin telefon vasitəsilə hədələndiklərini, məqsədin isə onları bezdirərək şirkətin şərtləri ilə razılaşmağa məcbur etmək olduğunu bildirirlər.
Hüquqşünas Əkrəm Həsənov: "Bu, hüquqi dövlətə zidd olan özbaşınalıqdır"
Mövzu ilə bağlı Sherg.az-a açıqlama verən tanınmış hüquqşünas Əkrəm Həsənov bəyan edib ki, heç bir özəl tikinti şirkəti və ya MTK-nın vətəndaşın əmlakını, hasarını özbaşına sökmək səlahiyyəti yoxdur. Ekspert vurğulayıb ki, çoxmənzilli binaların sökülməsi yalnız əmlak sahiblərinin tam könüllü razılığı əsasında həyata keçirilə bilər:
"Hər bir mənzil sahibinin öz əmlakı üçün istədiyi qiyməti müəyyən etmək hüququ var. Digər sakinlərin razılaşması başqa bir mülkiyyətçini məcbur etmir. Təəssüf ki, Azərbaycanda son illər bəzi şirkətlər tərəfindən mənfi praktika formalaşıb; razılaşmayan sakinlərə qarşı məhkəmə çəkişmələri başladılır, işıq, qaz, su kəsilir və qanunsuz söküntülər aparılır. Azərbaycanda məcburi söküntü yalnız dövlət ehtiyacları yarandıqda müvafiq məhkəmə qərarı və kompensasiya ilə mümkündür. Özəl şirkətin 'burada bina tikəcəm, sökəcəm' mövqeyi sərgiləməsi özbaşınalıqdır. Praktikada isə mülkiyyət hüququnun effektiv müdafiəsi yoxdur".
Sakinlər aidiyyəti dövlət qurumlarından bu qanunsuzluğa və şəxsi mülkiyyətə qəsd prosesinə qarşı təcili və qəti addımlar atılmasını tələb edirlər. Redaksiya olaraq qarşı tərəfin də mövqeyini tam obyektiv şəkildə işıqlandırmağa hazırıq.