Вернуться назад Распечатать

35 il: Mövqeyimiz aydın, hədəfimiz bəllidir - MÜSAHİBƏ

Müsahibimiz Milli Məclisin deputatı, “İki sahil” qəzetinin baş redaktoru, Əməkdar jurnalist  Vüqar Rəhimzadədir

 -Vüqar müəllim, rəhbərlik etdiyiniz “İki sahil” qəzetinin 35 yaşı tamam olur. İllər öz izi ilə xarakerizə edilir, dəyərləndirilir. Bu baxımdan ötən  35 il qəzetin həyatında hansı izləri ilə yadda qalıb?

- Ötən 35 ildə keçdiyimiz yola qısa nəzər salarkən onu deyə bilərəm ki, şübhəsiz, bu illər ərzində uğurlarımız da oldu, çətinliklərimiz də. Amma bütün bunlara baxmayaraq, ən əsası  müəyyənləşdirilən hədəf və  ona doğru inamla addımlamaq, məqsədə yüksək səviyyədə nail olmaqdır. Təbii ki, hər bir işin başlanğıcında  çətinliklər, problemlər olur. Məsələyə bu prizmadan yanaşsaq görərik ki, “İki sahil”in dünəni bugünümüz üçün bir tarix olmaqla yanaşı, həm də ötən 35 ildə keçdiyimiz yol ilk addımlarımızı atdığımız dövrün Azərbaycanının yaşadığı çətinliklərin və onlara  sinə gərərək  bugünkü səviyyəyə gəlib çatmasının təqdimatıdır. “İki sahil”in tarixi Azərbaycanın müstəqillik tarixi ilə üst-üstə düşür və hətta əminliklə deyərdim ki, bu illərə bələdçilik edir.  35 illik tarixi vərəqləsək böyük inamla, qürur hissi ilə qeyd edə bilərik ki, “İki sahil” yarandığı gündən indiyədək tutduğu yola, əqidəsinə sadiqlik nümayiş etdirərək hər dövrün çağırışını yüksək səviyyədə yerinə yetirməklə  çoxsaylı mətbu orqanlar arasında özünəməxsus yeri, dəst-xətti ilə seçilib.

1991-ci il iyulun 10-da ilk sayı işıq üzü görən “İki sahil”in  35 yaşı   bu mətbu nəşrin keçdiyi şərəfli yolun   güzgüsüdür. Mövqeyimiz aydın, hədəfimiz bəllidir: Azərbaycanımızı hər zaman zirvələrdə görmək, keçdiyi inkişaf yolunun  təbliğində fəal iştirak etmək, mətbuatın təməl prinsiplərinə   söykənərək jurnalist peşəkarlığının, məsuliyyətinin qorunması fonunda hər zaman xalqımızın, dövlətimizin  uğurlarının, zəfərlərinin müjdəçisi olmaq. Son beş ildən artıq dövrün əsas və qürurverici reallığı budur ki, bayramları, əlamətdar günləri, “İki sahil”çilər olaraq  ad günümüzü tarixi Zəfərimizin, suverenliyimizin tam bərpasının  yaratdığı sevinc, qürur hissi ruhunda qeyd edirik. Son illər qəzetimizin  hansı sayına nəzər salsaq  azad Qarabağımızın və azad Şərqi Zəngəzurumuzun dirçəlişinin, Böyük Qayıdış Proqramının uğurlu icrasının, soydaşlarımızın mərhələ-mərhələ  doğma yurd-yuvalarına qovuşması xəbərlərinin manşetdən verilməsinin şahidi olarıq. Bütün bunlara görə Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident, Müzəffər Ali Baş Komandan cənab  İlham Əliyevə, rəşadətli Azərbaycan Ordusuna minnətdarıq, ərazi bütövlüyümüzün, suverenlyimizin bərpası uğrunda canlarından keçmiş Vətən övladlarının müqəddəs ruhları qarşısında baş əyir, qazilərimizə şəfa diləyirik.

Söz yox ki, tarixi Zəfərimizin, suverenliymizin tam bərpasının  reallıqları bütün sahələrdə, o cümlədən mətbuatda yeniliklərə, təkmilləşməyə yol açdı, dövrün, zamanın tələblərinə uyğun yeni qanunların qəbulunu zərurətə çevirdi. Prezident İlham Əliyev “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərman imzaladı, sənədə uyğun olaraq Medianın İnkişafı Agentliyi yaradıldı, bundan əlavə “Media haqqında" yeni Qanun qəbul olundu. Bütün bunlar mətbuatın inkişafına, təkmilləşməsinə, müasir dövrün çağırışlarını yüksək səviyyədə yerinə yetirməyə xidmət edir. Təbii ki, “İki sahil” bu yeniliklərdən, təkmilləşmədən kənarda qalmır, daim irəliyə doğru inamla addımlayır.  Qəzetimizin hər bir uğuru kollektivimizin birliyinin, bütün qüvvə və bacarıqlarını bir amala, istəyə yönəltməsinin nəticəsidir. Başqa sözlə, ötən 35 ildə dövlətimizin, dövlətçiliyimizin möhkəmlənməsinə töhfələr  vermək, müasir müstəqil, qalib, bütövləşən və hazırda yeni dövrə qədəm qoyan Azərbaycanın hər bir uğurunun fəal təbliğatçısı olmaq fəaliyyətimizin əsas prinsipi olub. Məqsədimizə hansı səviyyədə nail olduğumuzu keçdiyimiz  35 illik şərəfli yol, həmçinin bu gün “İki sahil”in öz ətrafında topladığı  oxucu auditoriyasının genişliyi təqdim edir. Bir sözlə, 35 il bundan əvvəl hansı  məqsəd və məramla yola çıxmışdıqsa, bu gün də eyni niyyət və amalla yolumuza davam edirik və gələcəkdə də əqidəmizə sadiq qalacağıq.

-  Ötən 35 ilin hesabat olduğunu nəzərə alıb “İki sahil”in yarandığı dövrün reallıqlarına qısa ekskurs  etməyinizi istərdik...

- 1991-ci ilin iyulunda  Azərbaycan hələ dövlət müstəqilliyini bərpa etməmişdi. Sovetlər Birliyi hələ də mövcud idi. Həmin illərdə ümumiyyətlə,  müstəqil mətbuatın yaranmasından, fəaliyyətindən danışmaq çox çətin idi. Belə bir ağır şəraitdə müstəqil  qəzet təsis edib nəşrinə nail olmaq  böyük cəsarət tələb edirdi. Çünki o illər  senzuranın tüğyan etdiyi dövr idi.  Belə bir zamanda  bütün  maneələri, çətinlikləri  dəf edərək “İki sahil”i yarada bildik.  İlk günlərdən qəzetin adı çoxsaylı suallara, bizim üçün ciddi problemlər yaradan etirazlara  səbəb oldu. Lakin bütün çətinliklərə baxmayaraq qəzetimiz elə “İki sahil” olaraq qeydiyyatdan keçdi, həyata vəsiqə aldı.  Bax, beləcə ilk addımlarını atan “İki sahil” illəri bir- birinə calayaraq bu günə, yəni 35 yaşına gəlib çıxdı. Şübhəsiz, 35 il zaman baxımından az görünsə də ”İki sahil”in  yarandığı dövrün  reallıqlarını nəzərə alsaq keçdiyimiz yolun bir əsrə bərabər yol olduğunu inamla qeyd edə bilərik.

“İki sahil” “Vahid Azərbaycan uğrunda!” amalı ilə yola çıxdı. Adı ilə tutduğu yolu, məqsəd və məramını təqdim edən  “İki sahil” ilk sayından başlayaraq  ölkədə baş verən ictimai-siyasi prosesləri obyektiv şəkildə işıqlandırmaqla cəmiyyətin informasiya tələbatını yüksək səviyyədə yerinə yetirdi. Qəzet cəmiyyətin bütün təbəqələrindən olan insanların tribunasına çevrildi. Ölkədə xaosun, anarxiyanın, hərc-mərcliyin, hakimiyyətsizliyin, özbaşınalıqların hökm sürdüyü bir zamanda yaranan “İki sahil”  mətbuatın əsas missiyası olan cəmiyyətin güzgüsü rolunu oynamaq funksiyasını yüksək səviyyədə yerinə yetirdi və bu gün də əqidəsinə, tutduğu yola sadiqliyi ilə  bu missiyasını davam etdirir.

Ötən 35 ildə dəyişən yaşımızla bərabər, təbii ki, zamanın tələblərinə uyğun olaraq təkmilləşmə, yeniləşmə, oxucu auditoriyasını genişləndirmək qaçılmaz oldu. Gündəlik maraqlı, aktual  yazılarla oxucuların görüşünə gəlmək, mövzu rəngarəngliyini qorumaq  böyük məsuliyyət, axtarış tələb etdiyi kimi, eyni zamanda, şərəfli missiyadır. Riyazi hesablamaya müraciət edərək 35 ildə qəzetin  işıq üzü görən saylarına baxsaq böyük səylərin, məsuliyyətin, peşəkarlığın, ən əsası özünəgüvən hissinin toplam şəkildə hansı uğurlara yol açdığını görərik. “İki sahil”  yarandığı gündən bu qüruru yaşadı və bu gün də yaşayır. Cəmiyyətin informasiya tələbatını dolğun şəkildə ödəyən 35 yaşlı “İki sahil” oxucu sevgisindən,  etimadından ruhlandı, Azərbaycanın günbəgün vüsət alan inkişafından fərəhləndi, daim irəliyə baxmağa can atan müstəqil dövlətimizin qətiyyətindən qürur duydu. Bir daha əmin olduq ki, Azərbaycana bu uğurları qazandıran Ümummilli Lider  Heydər Əliyevin bugünümüzə və gələcəyimizə yönələn  siyasətidir. 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin Azərbaycanın ən çətin günlərində xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra yenidən qurulan Azərbaycan qısa müddətdə Ümummilli Liderimizin təbirincə desək, dünyaya Günəş kimi doğdu. Azərbaycanın addım-addım qazandığı uğurların bələdçisi olan “İki sahil” 1993-cü ildən başlayaraq Azərbaycanın qazandığı uğurlar fonunda inamlı addımları ilə  çoxsaylı mətbu orqanlar arasında yerini daha da möhkəmləndirdi.

“İki sahil” məktəbinin yetirmələri saysız-hesabsızdır. Bu gün həmin yetirmələr ayrı-ayrı mətbu orqanların, dövlət strukturlarının mətbuat xidmətlərinin rəhbərləridir. Eyni zamanda, “İki sahil”in yetirmələri bu və ya digər sahələrdə məsul vəzifələrdə çalışır, qazandıqları təcrübəni paylaşaraq  qəzetin tutduğu yolu təbliğ edir, oxucularımızın sevincinə sevinc qatırlar. Qəzetimiz yarandığı gündən peşəkar kollektivə malik olub, yazılan hər bir sözə dəyər verib. Qəzetimizin “ikisahil.az” elektron versiyası daim yenilənir, günün aktual məsələlərini, məlumatları oxucuya operativ şəkildə çatdırır. Eyni zamanda, hazırda  “İki sahil TV” internet televiziyası uğurla fəaliyyət göstərir.

- Vüqar müəllim, təbii ki, hər bir inkişafın, tərəqqinin əsasında iqtisadi amil dayanır. Ümummilli Lider Heydər Əliyevin bütün dövrlər üçün aktuallığını qoruyan “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” tezisi dahi rəhbərin  müəllifi olduğu neft strategiyasının uğurla həyata keçirilməsində özünün aydın ifadəsini tapır. Neft strategiyasının həyata keçirilməsində SOCAR-ın rolu danılmazdır. “İki sahil”in təsisçisi olan SOCAR-ın keçdiyi inkişaf yolunun  təbliği istiqamətində qəzetin göstərdiyi səyləri necə şərh edərdiniz?

- Azərbaycanın iqtisadi və siyasi müstəqilliyinin möhkəmləndirilməsində  əhəmiyyətli rol oynayan “Əsrin müqaviləsi”nin uğurları davamlılığı ilə dünyanın diqqət mərkəzindədir. Ölkəmizin malik olduğu təbii resurslardan səmərəli istifadə etməsi bu gün Azərbaycanın  iqtisadi və maliyyə imkanlarının genişlənməsində öz sözünü deyir.  Əgər biz bu gün 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizdən sonra işğaldan azad edilmiş ərazilərimizdə bərpa və quruculuq işlərindən, infrastruktur layihələrinin uğurlu icrasından, Qarabağın tezliklə cənnət məkana çevriləcəyindən, soydaşlarımızın mərhələ-mərhələ  doğma yurd-yuvalarına qayıdışından  bəhs ediriksə, bu, Ulu Öndər Heydər Əliyevin iqtisadiyyatın inkişafında neft amilinə yüksək dəyər verərək bugünümüz üçün möhkəm iqtisadi baza yaratmasına əsaslanır.

Bu gün artıq transmilli şirkətə çevrilən SOCAR dövlətimizin başçısı İlham Əliyevin tapşırıqlarını uğurla yerinə yetirərək dünyanın modern şirkətləri ilə bir sırada dayanır, həyata keçirdiyi investisiya layihələri ilə Azərbaycanın nəinki investisiya cəlb edən, eyni zamanda, investisiya yatıran ölkə imicinə əlavələr edir. “İki sahil” SOCAR-ın, onun ayrı-ayrı strukturlarının hər birinin fəaliyyətini yüksək səviyyədə işıqlandırır. Bu gün SOCAR təkcə ölkə deyil, dünya iqtisadiyyatında böyük təsir gücünə malik olan nəhəng və modern bir quruma çevrilib. Bu, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən  siyasətin nəticəsidir. “İki sahil” yalnız təsisçi olaraq deyil, ölkə iqtisadiyyatına davamlı  töhfələr verən qurum kimi SOCAR-ın fəaliyyətinin ardıcıl təbliğatçısıdır. Bu gün Azərbaycan regional inkişafın aparıcı qüvvəsi, dünyanın enerji təhlükəsizliyinin təminatçısı kimi mövqeyini günbəgün möhkəmləndirir. Ölkəmizdə 1994-cü ildən bəri ənənəvi keçirilən Beynəlxalq Neft-Qaz Sərgisi Azərbaycanın malik olduğu enerji resurslarının təqdimatında əhəmiyyətli rol oynayır. Azərbaycan hazırda özünün təkmil  enerji təcrübəsini dünyaya təqdim edir.

- Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olan Yeni Azərbaycan Partiyasının cəmiyyətin aparıcı qüvvəsi kimi ölkədə gedən proseslərin mərkəzində dayanmasının təbliğində “İki sahil”in rolunu necə dəyərləndirərdiniz?

- Bu gün Yeni Azərbaycan Partiyasının cəmiyyətin aparıcı qüvvəsi kimi nüfuz qazanmasından söhbət açarkən bircə faktı qeyd etmək kifayətdir ki, Azərbaycanın çətin günlərində Yeni Azərbaycan Partiyasının yaradılmasına zərurətdən irəli gələn 91 nəfər ziyalının ümumilkdə xalqın istəyini özündə ehtiva edən müraciəti “İki sahil”də geniş şəkildə dərc olundu, oxuculara çatdırıldı. Həmin dövrün reallıqları hər kəsə məlumdur.  O çətin illərdə Heydər Əliyev ideyalarının təbliğində ön sıralarda addımlayan “İki sahil” üzərinə düşən məsuliyyəti uğurla yerinə yetirdi. Ölkədə anarxiyanın, xaosun, özbaşınalığın tüğyan etdiyi dövrdə Ümummilli Lider  Heydər Əliyevə "Azərbaycan Sizin sözünüzü gözləyir” müraciətini imzalayan “91-lər”dən biri kimi  bütün təzyiqlərdən, çətinliklərdən qorxub-çəkinmədən rəhbərlik etdiyim qəzetin səhifələrində Azərbaycanı düşdüyü ağır durumdan çıxara biləcək yeganə şəxsiyyətin Ulu Öndər Heydər Əliyev olduğunu xüsusi qeyd etdik. Əgər Ümummilli Lider Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtmasaydı, bu gün  Azərbaycan dövlətinin mövcudluğundan söhbət gedə bilməzdi.

 1992-ci ilin 21 noyabr tarixində Yeni Azərbaycan Partiyası yaradıldı, Ulu Öndər Heydər Əliyev partiyanın Sədri seçildi. Partiyanın yaranmasından 7 ay sonra dahi şəxsiyyətin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı Azərbaycan dövləti ilə yanaşı, Yeni Azərbaycan Partiyasının həyatında da yeni dövrün başlanğıcı oldu. Ümummilli Lider  Heydər Əliyevin  Yeni Azərbaycan Partiyasının yaradılmasının 2-ci ildönümü münasibətilə keçirilən ümumrespublika müşavirəsində müstəqilliyimizin ilk illərində yaşanan vəziyyəti təhlil edərkən həqiqətlərin təbliğində "İki sahil” qəzetinin rolunu xüsusilə yüksək qiymətləndirməsi və bunu  “O vaxt “İki sahil” qəzeti yaranmışdı. Mən hesab edirəm ki, bu qəzet də çox iş görmüşdür. Bu qəzet indi də Yeni Azərbaycan Partiyasına xidmət edir. Amma o vaxt bu partiya yox idi, lakin “İki sahil” qəzeti çox cəsarətli məqalələr verirdi. Mən təkcə Naxçıvanı götürmürəm, ədalətsiz hadisələrə qarşı Azərbaycanın ayrı-ayrı vətəndaşlarının, ziyalılarının fikrini dərc etməkdə bu qəzet yaxşı fəaliyyət göstərmişdir, indi də göstərir. Mən bunu da yüksək qiymətləndirirəm” fikirləri ilə ifadə etməsi 35 il yol qət etmiş “İki sahil” qəzetinin hər bir əməkdaşının daha səylə, məsuliyyət hissi ilə fəaliyyət göstərməsində əhəmiyyətli rol oynadı, fəaliyyətimizin yol xəritəsi kimi qəbul edildi.

 Böyük etimad böyük məsuliyyət, gələcəyə doğru daha da qətiyyətlə, inamla irəliləmək deməkdir. Ulu Öndər Heydər Əliyev “İki sahil”ə bu etimadı ilə onun nəinki 35 illik, ümumilikdə bundan sonrakı dövrünün də bələdçisi oldu. Azərbaycanın müstəqilliyini daimi, sarsılmaz edib gələcəyimizin  inam ünvanını göstərən dahi şəxsiyyətin xeyir-duasını eşitmək, böyük etimadını qazanmaq bu gün də bizim üçün böyük şərəf, fəaliyyətimizə güc verən möhtəşəm stimuldur.   

“İki sahil” ölkəmizin aparıcı siyasi təşkilatı olan, ölkədə gedən bütün proseslərin mərkəzində dayanan Yeni Azərbaycan Partiyasının Azərbaycanın bu günü və gələcəyi ilə bağlı bütün təşəbbüslərini, qərarlarını, partiyanın həyatında əhəmiyyətli rol oynayan qurultaylarını, şəhər və rayon təşkilatlarının fəaliyyətini, keçirdikləri silsilə tədbirləri geniş şəkildə işıqlandırır. Qəzetimiz Yeni Azərbaycan Partiyasının dünənin, bu günün və gələcəyin partiyası olduğunu, tarixin sınaqlarından şərəflə çıxaraq cəmiyyətin aparıcı qüvvəsinə çevrilməsini, YAP-a xidmət etməyin xalqa, dövlətə xidmət etmək olduğunu əsaslı şəkildə analitik yazılar, partiyanın yarandığı dövrün şahidlərinin vasitəsilə indiki və gələcək nəsillərə çatdırılmasında ardıcıl fəaliyyət göstərir. 2021-ci il martın 5-də tarixi Zəfərimizin reallıqları əsasında  keçirilən Yeni Azərbaycan Partiyasının VII qurultayında dövlət başçısı, YAP-ın Sədri İlham Əliyev bu çağırışı etdi ki, biz bu tarixi yaxşı bilməliyik. O tarixi yaşamayanlar isə bunu öyrənməlidirlər. Mən demişəm, bizim dərsliklərdə bu tarixlə bağlı geniş məlumat verilməlidir. O tarixin canlı şahidləri öz xatirələrini bölüşməlidirlər ki, bu tarix əbədi yaşasın.  O da qeyd edildi ki, o dövrü bilməyən, o vaxt yaşamayan gənc nəsil bilməlidir ki, nəyin bahasına biz müstəqilliyi qoruyub saxlaya bilmişik. Kimə biz borcluyuq. Əgər Heydər Əliyev o vaxt hakimiyyətə gəlməsəydi, bu gün Azərbaycan bəlkə də ancaq kiminsə əlinin altında bir oyuncaq dövlət kimi, bir yarımmüstəmləkə kimi yaşaya bilərdi.

“İki sahil” hər zaman Azərbaycanın bugününün, dünəninin və sabahının əsası kimi dəyərləndirilən Heydər Əliyev ideyalarının, bu siyasi kursu uğurla davam etdirən Prezident İlham Əliyevin Azərbaycanın daha da qüdrətlənməsi, xalqımızın rifah halının daha da yaxşılaşdırılması naminə həyata keçirdiyi təkmil, müasir dövrün çağırışlarını özündə ehtiva edən siyasətin yorulmaz təbliğatçısıdır.

- Vüqar müəllim, müasir dövrün çağırışlarından bəhs etdik. Rəhbərlik etdiyiniz kollektivdə gələcəyimiz olan gənclərimizin potensial imkanlarından necə istifadə edilir. “İki sahil”də gənclərə diqqət və qayğı hansı səviyyədədir? 35 illik təcrübə gələcəyiniz üçün nə vəd edir?

- “İki sahil” hər zaman gənc nəslin bilik və bacarıqlarından,  imkanlarından səmərəli istifadə edir. 35 ildə qazandığımız uğurları şərtləndirən amillərdən biri təbii ki, gənc nəslə geniş imkanların yaradılmasıdır. Hazırkı dövrün əsas çağırışlarından birinin yeni texnologiyaların tətbiqi və inkişaf olduğunu nəzərə alsaq gənc nəslin bu sahədə  imkanlarından istifadəyə böyük zərurət duyulur. “İki sahil” yaşlı nəslin təcrübəsi ilə gənclərin dinamizmi arasında vəhdətin qorunmasına xüsusi diqqət göstərir. Bu isə öz növbəsində  yazıların rəngarəngliyinə, zənginliyinə, jurnalistlərin peşəkarlığına öz müsbət təsirini göstərir. Gənclər “İki sahil” məktəbindən yüksək səviyyədə bəhrələnir, özlərinə gələcəkləri üçün möhkəm baza toplayırlar.

  Mətbuatın inkişafı daim dövlətimizin diqqətindədir. Azad mətbuatın inkişafı istiqamətində atılan addımlar, jurnalist peşəkarlığının artırılmasına yönələn tədbirlər, iqtisadi müstəqilliyinin təmin edilməsi yönümündə görülən işlər davamlılığı ilə diqqətdədir. “İki sahil” qəzeti dövlətimizin diqqət və qayğısından kənarda qalmır.  Bircə faktı qeyd etmək kifayətdir ki, bir qrup əməkdaşımız  ayrı-ayrı vaxtlarda Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə fəxri adlar və medallarla təltif olunub. Əməkdaşlarımızın əməyinə verilən bu qiymət ümumilikdə qəzetimizə verilən dəyər kimi qəbul edilir. Bu diqqət, etimad  məsuliyyətimizi daha da artırır. Yeni yaşımız əvvəlki illərin güzgüsü, sonrakı dövrün hədəfləri üçün stimuldur. Əminik ki, “İki sahil” növbəti yaşını da Azərbaycanımızın qürurverici uğurları, zəfərləri fonunda böyük ruh yüksəkliyi, xoş ovqatla qeyd edəcək, qazandığı uğurlardan fəxrlə bəhs edəcək. 35 il zəngin yol qət edən “İki sahil” həmişə oxucu sevgisi ilə əhatə olunub. Bu, çoxsaylı mətbu orqanlar arasında özünəməxsusluğumuzu qorumaqda böyük stimuldur. Azərbaycanın müstəqillik tarixinin bələdçilərindən olan “İki sahil” bundan sonra da maraqlı yazıları ilə oxucularını sevindirəcək, bir məktəb olaraq yetirmələrinin sayını daha da artıracaq.

- Vüqar müəllim, maraqlı və məzmunlu müsahibəyə görə sizə dərin minnətdarlığımızı bildiririk. Bu xoş ovqatla “İki sahil” qəzetinin yaradılmasının 35 illik yubileyi münasibətilə Sizi və rəhbərlik etdiyiniz kollektivi ürəkdən təbrik edirik. Fəaliyyətə başladığı ilk gündən müstəqil dövlətçilik ideallarına sadiqlik nümayiş etdirən qəzet bu gün də cəmiyyətin obyektiv güzgüsü missiyasını şərəflə yerinə yetirir. Yaradıcı kollektivinizə dövlət maraqlarının müdafiəsi, dövlətə və dövlətçiliyə sədaqətlə xidmət yolunda yeni-yeni yaradıcılıq uğurları arzulayırıq. Qələminiz hər zaman iti, sözünüz kəsərli olsun! Yubileyiniz mübarək!

"İki Sahil"