Вернуться назад Распечатать

Parçanın o üzü: Geyim həqiqətənmi əxlaqın tərəzisidir?

Hər səhər güzgü qarşısına keçəndə sadəcə hava şəraitinə uyğun bədənimizi qoruyacaq bir qat parça seçmirik; həm də dünyaya o gün kim olduğumuzu, özümüzü necə təqdim etmək istədiyimizi pıçıldayırıq. İnsanlıq tarixi boyu geyim formaları dəyişdi, dəblər bir-birini əvəz etdi, amma dəyişməyən tək bir sual qaldı: Üstümüzdəki geyim bizim əxlaqımızın, daxili dünyamızın ölçüsüdürmü?

Bəzən cəmiyyətdə insanları sadəcə xarici görünüşünə, geyim tərzinin qapalılığına və ya sərbəstliyinə görə mühakimə etmək kimi asan bir yola qaçırıq. Sanki uzun bir don və ya rəsmi bir kostyum daxili dürüstlüyün zəmanətidir, yaxud tam əksinə, daha müasir və rahat geyim daxili boşluğun göstəricisidir. Halbuki həyat bizə dəfələrlə sübut edib ki, əxlaq parçanın metrəsində, rəngində və ya kəsimində gizlənmir. Əxlaq — insanın vicdanında, digərinə göstərdiyi hörmətdə, sözünün bütövlüyündə və əməllərində yaşayır.
Geyim — bir mədəniyyət, estetik zövq və şəxsi ifadə formasıdır. Bir insanın seçdiyi tərz onun böyüdüyü mühiti, oxuduğu kitabları, dinlədiyi musiqini və ya sadəcə o anki əhval-ruhiyyəsini əks etdirə bilər. Lakin kiminsə daxili təmizliyini onun geyiminin forması ilə ölçməyə çalışmaq, kitabın dəyərini sadəcə üz qabığına görə təyin etmək kimidir. Əsl nəzakət və əxlaq, qarşındakı insanı xarici qabığına görə deyil, cəmiyyətə verdiyi faydaya və insani keyfiyyətlərinə görə qiymətləndirə bilməkdir.
Hər bir sağlam cəmiyyət fərqliliklərin harmoniyası ilə gözəldir. Dövlətin və qanunların bizə tanıdığı daxili sabitlik və qarşılıqlı hörmət mühitində, geyimlərimiz bizi bir-birimizdən ayıran divarlar deyil, mədəniyyətimizi zənginləşdirən rənglər olmalıdır. Çünki insanı insan edən, əynindəki libasın parıltısı deyil, ruhunun və xarakterinin asilliymiş. Geyimlər sadəcə bədənimizi örtür, xarakterimizi isə yalnız əməllərimiz bəzəyir.
Əlbəttə, geyimin mütləq bir əxlaq tərəzisi olmadığını söyləmək, tam bir kuralsızlıq və ya cəmiyyət normalarına qarşı laqeydlik demək deyil.
Azadlıq digər insanların hüquqlarına və ictimai ədəb qaydalarına hörmət bəslənilən yerdə bitir; buna görə də "geyimlə əxlaq ölçülmür" düşüncəsi tamamilə ölçüsüz və estetikadan uzaq geyinməyə bəraət qazandırmamalıdır. Hər bir məkanın — istər rəsmi bir qurumun, istərsə də küçənin özünəməxsus yazılmamış etik qaydaları və geyim mədəniyyəti var. Əsl yetkinlik həm öz fərdiliyini qorumaq, həm də içində yaşadığın cəmiyyətin ümumi dəyərlərinə və ictimai asayişinə zərər verməyəcək şəkildə düzgün seçim edə bilmək bacarığıdır.
Aidə Tofiqqızı
1xeber.media