Вернуться назад Распечатать

“Sərfəli kredit” adı altında “Kontakt Home” insanların cibinə necə girir?

 Məişət texnikası almaq istəyən minlərlə insan “faizsiz”, “sərfəli kredit” və “əlçatan ödəniş” vədlərinə inanaraq satış şəbəkələrinə üz tutur. Lakin son dövrlər istehlakçılar arasında ən çox müzakirə olunan mövzulardan biri məhz kreditlə satış zamanı yaranan yekun ödəniş məbləğidir.

İstehlakçılar arasında ən çox narazılıq doğuran satış şəbəkələrindən biri kimi tez-tez “Kontakt Home”un adı hallanır. Sosial şəbəkələrdə və müxtəlif şikayət platformalarında paylaşılan çoxsaylı rəylərdə alıcılar bildirirlər ki, kreditlə alınan məhsulların yekun dəyəri ilkin satış qiymətindən xeyli yüksək olur. Bəzi müştərilərin iddiasına görə, elə hallar yaşanır ki, məhsul üzrə hesablanan əlavə ödənişlər gün ərzində 10-15 manata qədər artır. Nəticədə vətəndaş aylarla, hətta illərlə məhsulun real bazar qiymətindən xeyli artıq məbləğ ödədiyini iddia edir.

Diqqət çəkən digər məqam isə eyni model məhsulun başqa satış şəbəkələrində daha aşağı qiymətə təklif edilməsidir. Bu isə sual yaradır: eyni məhsul üçün niyə bu qədər ciddi qiymət fərqi formalaşır? Bu fərq bazar rəqabətinin nəticəsidir, yoxsa kredit mexanizmi istehlakçının ümumi ödəniş yükünü artıran amillərdən birinə çevrilir?

Müşahidələr göstərir ki, bir çox alıcı müqavilənin bütün şərtlərini diqqətlə oxumadan, əsasən aylıq ödəniş məbləğinə diqqət yetirir. Sonradan isə məlum olur ki, “rahat kredit” adı ilə təqdim edilən ödəniş planı nəticəsində məhsula görə ödənilən yekun məbləğ bazar qiymətini əhəmiyyətli dərəcədə üstələyir.

Məişət texnikası artıq lüks deyil, insanların gündəlik tələbatına çevrilmiş məhsullardır. Soyuducu, paltaryuyan və ya mobil telefon almaq istəyən vətəndaşın maliyyə imkanlarının məhdudluğu onun daha ağır maliyyə öhdəliyi ilə üzləşməsinə səbəb olmamalıdır.

İstehlakçı mağazaya məhsul almağa gedir, maliyyə riskləri ilə üzləşməyə yox. Satış siyasəti elə qurulmalıdır ki, alıcı müqaviləni imzaladıqdan sonra peşmanlıq hissi keçirməsin. Əgər hər hansı satış şəbəkəsi ilə bağlı sosial şəbəkələrdə və şikayət platformalarında uzun müddətdir oxşar məzmunlu narazılıqlar səslənirsə, bu məsələ diqqətlə araşdırılmalı, istehlakçıların narahatlığına rəsmi aydınlıq gətirilməlidir.

Şəffaflıq yalnız reklam kampaniyalarında deyil, qiymət siyasətində də özünü göstərməlidir. Alıcı məhsulun ilkin satış qiymətini, kredit üzrə ümumi ödəniş məbləğini, tətbiq olunan faiz dərəcəsini, komissiyaları və digər əlavə xərcləri müqavilə bağlanmazdan əvvəl aydın və başa düşülən şəkildə görməlidir.

İstehlakçı hüquqlarının qorunması bazar iqtisadiyyatının əsas prinsiplərindən biridir. Şirkətlər qazanc əldə edə bilərlər, lakin bu qazanc istehlakçının məlumatsızlığından və ya mürəkkəb müqavilə şərtlərindən qaynaqlanmamalıdır. Çünki etibar itirildiyi zaman bundan ən böyük zərəri yalnız alıcı deyil, uzunmüddətli perspektivdə şirkətin özü də görür.

Yazıda qeyd olunan ümumi istehlakçı şikayətləri ilə bağlı “Kontakt Home”a sorğu ünvanlanıb. Şirkətin mövqeyini öyrənmək məqsədilə rəsmi münasibət istənilib. Qarşı tərəfin cavabı daxil olduğu təqdirdə, həmin mövqeni də olduğu kimi dərc etməyə hazırıq.

Aysel
1xeber.media