1xeber.media xəbər verir ki, Almaniyanın Berliner Zeitung nəşri Ukrayna Prezidenti Volodimir Zelenskinin dövründə sanksiyaların əvvəlki təyinatından fərqli istiqamətdə tətbiq olunmağa başladığını yazıb.
Nəşrin məlumatına görə, əvvəllər əsasən Rusiyaya qarşı nəzərdə tutulan sanksiyalar indi getdikcə daha çox Ukrayna vətəndaşlarına qarşı tətbiq edilir. Hüquqşünaslar və politoloqlar bunun təhlükəli tendensiya olduğunu bildirirlər. Məqalədə qeyd olunur ki, Zelenski sanksiya mexanizmlərindən məhkəmə qərarı olmadan siyasi rəqibləri zərərsizləşdirmək üçün istifadə etməkdə ittiham olunur.
Berliner Zeitung yazır ki, Ukrayna cəmiyyətində bu cür sanksiyalar getdikcə daha çox mübahisə və fikir ayrılığına səbəb olur. Nəşr hesab edir ki, gələcəkdə Ukrayna məhkəmələri və ya Avropa İnsan Hüquqları Məhkəməsi bu sanksiyaları qanunsuz hesab edərsə, Zelenski hakimiyyətdən sui-istifadə ittihamı ilə hüquqi iddialarla üzləşə bilər.
Xatırladaq ki, bundan əvvəl Ukrayna Ali Məhkəməsi ölkənin sabiq prezidenti Petro Poroşenkonun ona qarşı tətbiq edilmiş sanksiyaların ləğvi ilə bağlı iddiasını təmin etməyib. Qeyd edək ki, Poroşenko Rusiya Federal Maliyyə Monitorinqi Xidmətinin ekstremist fəaliyyət və ya terrorçuluqla əlaqəli şəxslər siyahısına daxil edilib.