Hər ayın müəyyən günlərində, xüsusilə müavinət və təqaüdlər verilən vaxtlarda rayon mərkəzlərindəki bankomatların qarşısında uzun növbələr və izdiham müşahidə olunur.
1xeber.media xəbər verir ki, kəndlərdə bankomatların olmaması sakinlər mərkəzə gəlmək məcburiyyətində qoyur. Bu da həm poçt və bank filiallarında yüklənməyə səbəb olur, həm də yaşlı insanların saatlarla günəş altında gözləməsinə yol açır.
Növbədə gözləyən təqaüdçülər əməkdaşlarımıza bildiriblər ki, bəzən saatlarla növbə gözlədikdən sonra bankomatda pul bitir və ya sistemdə texniki nasazlıq yaranır. Nəticədə, kənddən gələn vətəndaşlar pullarını ala bilmədən geri qayıtmalı olurlar. Həmçinin, bir çox pərakəndə satış məntəqələrində post-terminal işləmədiyi üçün sakinlər məcburən pulu nağdlaşdırmalı olduqlarını deyirlər.
Maliyyə ekspertləri problemin həlli üçün iri kəndlərdə və ya bir neçə kəndin mərkəzində mobil bankomatların quraşdırılmasını təklif edirlər. Eyni zamanda, regionlarda nağdsız ödəniş infrastrukturunun genişləndirilməsi bankomatların qarşısındakı bu süni sıxlığı xeyli dərəcədə azalda bilər.