1xeber.media xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin (VSU) təlim bölmələrindən birinin arxa təminat rəisi ərzaq məhsullarını mənimsəməkdə təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum edilib.
Ukrayna Baş Prokurorluğu Ofisinin yaydığı məlumata görə, mənimsənilən ərzaq məhsullarının ümumi dəyəri təxminən 11,2 min ABŞ dolları təşkil edib.
İstintaqın məlumatına əsasən, hərbi hissənin yeməkxanasında yeməklər hazırlanarkən faktiki istifadə olunan ərzaq məhsulları mühasibat sənədlərində göstəriləndən az olub. Yaranan artıq məhsullar – ət, müxtəlif yarmalar, şəkər, kərə yağı, kolbasa məmulatları, yumurta və digər ərzaqlar – arxa təminat rəisi tərəfindən avtomobillə hərbi hissənin ərazisindən çıxarılaraq mülki şəxslərə satılıb.
Bildirilir ki, polis 2024-cü ilin iyun ayından 2025-ci ilin yanvar ayınadək bu cür 59 fakt qeydə alıb. Məhkum edilən şəxs eyni zamanda mayor hərbi rütbəsindən də məhrum edilib.
Prokurorluq qeyd edib ki, həmin sxemdə iştirak etməkdə ittiham olunan yeməkxana rəisinin cinayət işi isə hazırda məhkəmənin icraatındadır.
Bundan əvvəl Ukrayna Baş Prokurorluğu VSU-nun ehtiyacları üçün pilotsuz uçuş aparatlarının alınması zamanı təxminən 7 milyard qrivna məbləğində vəsaitin mənimsənilməsi ehtimalı ilə bağlı araşdırmanın aparıldığını da açıqlamışdı.