Вернуться назад Распечатать

Çin “Bavi” supertayfununa görə 1,8 milyondan çox insanı təxliyə edib

1xeber.media xəbər verir ki, Çin hakimiyyəti “Bavi” supertayfununun ölkənin Vençjou şəhərinə yaxınlaşması səbəbindən 1,8 milyondan çox sakini təhlükəsiz ərazilərə təxliyə edib.

“Bavi” şimal-qərb istiqamətində daha soyuq dənizlər üzərində hərəkət etdikcə sürəti zəifləsə də, onun gətirdiyi güclü yağış zolaqları hələ də ciddi təhlükə yaradır. Bildirilir ki, tayfunun yağış sistemi təxminən Fransa ərazisi böyüklüyündədir.

Çinin Milli Meteorologiya Mərkəzinin açıqlamasına əsasən, Qrinviç vaxtı ilə saat 08:08-ə olan məlumata görə, “Bavi” tayfununda davamlı küləyin maksimal sürəti saatda 144 kilometr təşkil edib.

Vençjou sakini, 50 yaşlı Huan Sinxuan tayfun öncəsi bazardan ərzaq alarkən bildirib:

“Bir qədər narahatam, amma düşünürəm ki, hər şey yaxşı olacaq. Daha əvvəl də tayfunlar yaşamışıq. Bunun da öhdəsindən gələcəyik”.

Xatırladaq ki, bundan əvvəl “Bavi” supertayfunu Tayvan ərazisindən keçib. Təbii fəlakətlə əlaqədar adanın hakimiyyəti iri şəhərlərdə və bəzi rayonlarda məktəblərin, eləcə də dövlət qurumlarının fəaliyyətini müvəqqəti dayandırmışdı.