1xeber.media xəbər verir ki, Apple süni intellekt sahəsində rəqibi olan OpenAI-ni məhkəməyə verərək, şirkəti məxfi texnologiyalar və kommersiya sirlərini qanunsuz əldə etməkdə ittiham edib.
Kaliforniya məhkəməsinə təqdim olunan iddia ərizəsində Apple bildirir ki, OpenAI işə qəbul zamanı namizədlərdən hələ təqdim olunmamış məhsullara aid komponentləri, prototipləri və məxfi texniki məlumatları müsahibələrə gətirmələrini istəyib.
İddiada həmçinin qeyd olunur ki, əvvəllər Apple-da çalışmış, hazırda isə OpenAI-də işləyən iki əməkdaş – Çanq Liu və Tanq Yev Tan şirkətin daxili məlumatlarının qanunsuz əldə olunmasında iştirak ediblər. Apple iddia edir ki, Çanq Liu keçmiş həmkarının noutbukundan istifadə edərək daxili texniki sənədlərə çıxış əldə edib və onları yükləyib. Bundan əlavə, onun digər əməkdaşlara müsahibələrdən əvvəl hansı məxfi məlumatları öyrənməli olduqları barədə göstəriş verdiyi bildirilir.
Şirkətin məhkəməyə təqdim etdiyi sənəddə bildirilir ki, OpenAI-nin formalaşmaqda olan aparat (hardware) biznesi "qanunsuz əldə edilmiş kommersiya sirlərinə əsaslandığı üçün olduqca zəif təməl üzərində qurulub".
OpenAI isə ittihamları rədd edib. Şirkətin nümayəndəsi Dryu Pusateri bildirib ki, OpenAI başqa şirkətlərin məxfi məlumatlarında maraqlı deyil və fəaliyyətini öz innovasiyalarının inkişafına yönəldir.
Qeyd edək ki, hazırda bu iddialar məhkəmə araşdırmasının predmetidir və ittihamlar hələ məhkəmə tərəfindən təsdiq edilməyib.