Вернуться назад Распечатать

Zelenski: Vışnevodakı sursat anbarının yerləşdirilməsinə görə məsul şəxslər cəzalandırılacaq

1xeber.media xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski Vışnevo yaşayış məntəqəsində yerləşən sursat anbarı ilə bağlı məsul şəxslərin məsuliyyətə cəlb olunacağını bildirib.

Zelenski bu barədə Telegram kanalında paylaşım edərək qeyd edib ki, Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) general-mayoru Aleksandr Poklad araşdırmanın ilkin nəticələri barədə ona məruzə edib.

Ukrayna prezidentinin sözlərinə görə, araşdırma zamanı "Ukroboronprom" dövlət konsernində hansı vəzifəli şəxslərin silah-sursat anbarlarının Vışnevoda yerləşdirilməsinə yol verdiyi müəyyən edilib.

"Qanunvericiliyin normaları və Ali Baş Komandanlığın Qərargahının qərarı ilə belə anbarların həmin ərazidə yerləşdirilməsi birbaşa qadağan olunmuşdu. Təəssüf ki, bu qadağa pozulub", – deyə Zelenski bildirib.

O vurğulayıb ki, məsul şəxslərin kimliyi artıq məlumdur və dövlətin mövqeyi ondan ibarətdir ki, onların hər biri qanun qarşısında cavab verməlidir.

Xatırladaq ki, daha əvvəl Volodimir Zelenski Vışnevodakı sursat anbarına endirilən zərbəni təsdiqləmişdi. O, hadisə ilə bağlı məlumatların Ukrayna Təhlükəsizlik Xidməti (SBU), Daxili İşlər Nazirliyi və Baş Prokurorluq Ofisi tərəfindən təqdim edildiyini açıqlamışdı.