Вернуться назад Распечатать

Macarıstanın yeni xarici işlər naziri: Rusiya ilə praqmatik münasibətlər istəyirik

1xeber.media xəbər verir ki, Macarıstanın yeni xarici işlər naziri Anita Orban ölkəsinin Rusiya ilə praqmatik münasibətlərin tərəfdarı olduğunu bildirib.

İtaliyanın Corriere della Sera nəşrinə müsahibəsində çıxış edən nazirin sözlərinə görə, Rusiya coğrafi mövqeyi, ərazisi, gücü və tarixi baxımından Avropanın mühüm dövlətlərindən biri olaraq qalır.

"Rusiya coğrafi mövqeyinə, ölçüsünə, gücünə və tarixinə görə Avropada mühüm ölkə olaraq qalır və belə də olacaq. Biz Moskva ilə suveren dövlətlər arasında qurulan çox praqmatik münasibətlərə can atırıq", – deyə Anita Orban bildirib.

Nazir Macarıstanın Ukraynaya hərbi yardım məsələsində mövqeyinin dəyişmədiyini də vurğulayıb. Onun sözlərinə görə, ölkə vətəndaşları hökumətə silah göndərilməsi üçün deyil, Ukraynaya digər yollarla dəstək göstərilməsi istiqamətində mandat veriblər.

Anita Orban qeyd edib ki, Budapeşt Ukraynaya silah tədarükü əvəzinə digər dəstək mexanizmlərini, o cümlədən sanksiyalar çərçivəsində atılan addımları dəstəkləyir.

Xatırladaq ki, bundan əvvəl Ukraynanın Macarıstandakı səfiri Fyodor Şandor da Budapeştin mövqeyini şərh edərək bildirmişdi ki, Macarıstan Rusiya-Ukrayna müharibəsi ilə bağlı Ukraynaya birbaşa silah və hərbi texnika göndərməyəcəyini açıq şəkildə bəyan edir.