Вернуться назад Распечатать

Deputat: Azərbaycanın sülh təşəbbüsləri beynəlxalq səviyyədə qəbul olunur

Müasir dövrdə informasiya məkanı təkcə xəbərlərin yayımlandığı platforma deyil, həm də sülhün, qarşılıqlı etimadın və beynəlxalq dialoqun formalaşmasına təsir göstərən əsas vasitələrdən birinə çevrilib. Dezinformasiyanın qlobal təhlükəsizliyə ciddi təhdid yaratdığı, informasiya müharibələrinin geniş vüsət aldığı bir şəraitdə medianın məsuliyyəti və missiyası beynəlxalq müzakirələrin əsas mövzuları sırasında yer alır. Məhz bu baxımdan iyulun 13–14-də Şuşada keçirilən IV Qlobal Media Forumu dünyanın müxtəlif ölkələrindən media nümayəndələrini, ekspertləri və rəsmi şəxsləri bir araya gətirərək “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusu ətrafında fikir mübadiləsi üçün mühüm beynəlxalq platforma rolunu oynayır.

Bu fikirləri ATƏT Parlament Assambleyasının Büro üzvü, Təhlükəsizlik və Siyasi Məsələlər Komitəsinin sədr müavini, Milli Məclisin deputatı Azay Quliyev 1xeber.media-ya açıqlamasında səsləndirib. Deputat bildirib ki, bu gün Şuşada işə başlayan IV Qlobal Media Forumu Azərbaycanın beynəlxalq informasiya siyasətinin, sülh təşəbbüslərinin və həqiqətlərin qlobal auditoriyaya çatdırılması baxımından xüsusi əhəmiyyət daşıyır:

“Forumda dünyanın 54 ölkəsindən 160-a yaxın media nümayəndəsi, ekspert və rəsmi şəxs iştirak edir. Tədbirin məhz sülh və qarşılıqlı etimad mövzusuna həsr olunması təsadüfi deyil. Çünki hazırda müxtəlif regionlarda münaqişələrin dərinləşdiyi bir dövrdə Azərbaycan beynəlxalq ictimaiyyət tərəfindən real sülh təşəbbüsləri irəli sürən və praktik nəticələr əldə edən ölkələrdən biri kimi qiymətləndirilir. Bu istiqamətdə irəli sürdüyü təşəbbüslər beynəlxalq platformalarda da dəstək qazanır.

Bunun növbəti təsdiqi 4–8 iyul tarixlərində Haaqada keçirilən ATƏT Parlament Assambleyasının 33-cü İllik Sessiyasında müşahidə olundu. Sessiya çərçivəsində Azərbaycanın sülh gündəliyi və etimadın möhkəmləndirilməsinə yönəlmiş siyasəti Assambleya tərəfindən nəzərə alındı və dəstəkləndi. Nəticədə ATƏT PA-nın üç Ümumi Komitəsinin hazırladığı qətnamə layihələrində nə keçmiş münaqişəyə, nə də Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması və sülh prosesi ilə bağlı hər hansı müddəaya yer verilmədi.”

Azay Quliyev qeyd edib ki, ilkin qətnamə layihələrində həmin məsələlərlə bağlı müəyyən ziddiyyətli müddəalar mövcud idi.

“Lakin cari ilin 27 aprel tarixində Kopenhagendə keçirilən ATƏT PA Bürosunun iclasında, eləcə də həmin iclasdan əvvəl aparılan müzakirələr zamanı Azərbaycanın mövqeyi Büro üzvlərinin və məruzəçilərin diqqətinə çatdırıldı. Təqdim olunan əsaslandırılmış arqumentlər nəticəsində həmin istinadların və müddəaların sənədlərdən tamamilə çıxarılmasına nail olundu.

Azərbaycan tərəfi əsas arqument kimi vurğuladı ki, Prezident İlham Əliyevin prinsipial mövqeyi nəticəsində ATƏT-in Minsk Qrupu fəaliyyətini rəsmən başa vurub. Eyni zamanda, Azərbaycanla Ermənistan arasında normallaşma prosesi yalnız ikitərəfli formatda davam etdirilir və bu mexanizm artıq konkret nəticələr verir. Belə şəraitdə hər hansı beynəlxalq təşkilatın bu prosesə müdaxilə etməsi üçün hüquqi və siyasi əsas yoxdur.

Nəticədə Haaqa Sessiyasında Komitələrin hazırladığı qətnamə layihələri dəyişdirilmədən qəbul edildi. Sənədlərdə Azərbaycan-Ermənistan münasibətlərinə dair heç bir müddəa yer almadı və onların məzmununa əlavə dəyişiklik edilmədi. Bu yanaşma onu göstərir ki, Qərbin mühüm institutlarından biri olan ATƏT Parlament Assambleyası Azərbaycan Prezidentinin irəli sürdüyü sülh doktrinasını, eləcə də normallaşma prosesinin ikitərəfli danışıqlar formatında aparılmasına əsaslanan institusional yanaşmanı qəbul edir və ona hörmətlə yanaşır.

Bu baxımdan, Şuşada keçirilən IV Qlobal Media Forumu da Azərbaycanın sülh gündəliyinin beynəlxalq auditoriyaya çatdırılması, regionda baş verən proseslərlə bağlı həqiqətlərin obyektiv şəkildə təqdim olunması və qarşılıqlı etimadın möhkəmləndirilməsi istiqamətində mühüm platformalardan biri olacaq.”

Aysel
1xeber.media