Вернуться назад Распечатать

Deputat: Şuşadan verilən mesajlar qlobal informasiya məkanına mühüm töhfə verəcək

“Şuşada keçirilən IV Qlobal Media Forumu təkcə media nümayəndələrinin bir araya gəldiyi platforma deyil, həm də qlobal informasiya təhlükəsizliyi, dezinformasiyaya qarşı mübarizə və həqiqətin müdafiəsi istiqamətində beynəlxalq dialoqun mühüm mərhələsidir. İnformasiya müharibələrinin dövlətlərarası münasibətlərə və ictimai rəyə ciddi təsir göstərdiyi indiki dövrdə belə təşəbbüslər xüsusi əhəmiyyət kəsb edir. Azərbaycanın belə bir forumu məhz Şuşada keçirməsi həm də azad olunmuş ərazilərin beynəlxalq əməkdaşlıq və fikir mübadiləsi məkanına çevrildiyini nümayiş etdirir”.

Bunu 1xeber.media-ya  Milli Məclisin deputatı Arzuxan Əlizadə açıqlamasında deyib.

O bildirib ki, müasir dövrdə media artıq yalnız informasiya yayan vasitə deyil, eyni zamanda milli təhlükəsizlik, ictimai sabitlik və beynəlxalq münasibətlərə təsir edən mühüm faktordur:
“Təəssüf ki, rəqəmsal platformaların sürətli inkişafı ilə yanaşı, dezinformasiya, saxta xəbərlər və məqsədli informasiya manipulyasiyaları da geniş yayılıb. Belə şəraitdə peşəkar jurnalistikanın əsas vəzifəsi operativliklə yanaşı, məlumatın dəqiqliyini qorumaq, faktlara əsaslanan xəbərləri ictimaiyyətə çatdırmaq və cəmiyyət arasında etimadın möhkəmlənməsinə xidmət etməkdir. Şuşa Qlobal Media Forumu bu baxımdan müxtəlif ölkələrin media nümayəndələri və ekspertlər arasında təcrübə mübadiləsi üçün mühüm platformadır. Forum çərçivəsində informasiya təhlükəsizliyi, süni intellektin mediaya təsiri, rəqəmsal etik normalar və dezinformasiyaya qarşı birgə mübarizə mexanizmləri ilə bağlı müzakirələr gələcək əməkdaşlıqlar üçün yeni imkanlar yarada bilər”. 

O qeyd edib ki, bu, həm də beynəlxalq media həmrəyliyinin gücləndirilməsi baxımından vacib addımdır:
“Hesab edirəm ki, həqiqətin qorunması yalnız ayrı-ayrı media qurumlarının deyil, bütövlükdə beynəlxalq ictimaiyyətin ortaq məsuliyyətidir. Bu mənada Şuşadan veriləcək mesajlar qlobal informasiya məkanında daha məsuliyyətli, obyektiv və etibarlı media mühitinin formalaşmasına töhfə verə bilər. Azərbaycanın belə bir platformaya ev sahibliyi etməsi isə ölkəmizin beynəlxalq dialoq, sülh və əməkdaşlıq təşəbbüslərinə verdiyi önəmin növbəti göstəricisidir.

Aysel 
1xeber.media