1xeber.media xəbər verir ki, Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsi sədrinin müavini Vladimir Cabarov Azərbaycanın Avropa Şurasından çıxmaq ehtimalını "doğru qərar" kimi qiymətləndirib.
NEWS.ru-ya müsahibəsində danışan senator bildirib ki, Bakı da Moskva kimi Avropa Şurasının üzv dövlətlərə qarşı siyasi təzyiq alətinə çevrildiyi qənaətinə gəlib.
Onun sözlərinə görə, təşkilat digər dövlətlərin daxili işlərinə müdaxilə edir və onlara öz inkişaf modeli ilə dəyərlərini qəbul etdirməyə çalışır.
“Ölkələrimiz öz dininə, ənənələrinə və tarixinə söykənir. Əgər Azərbaycan həqiqətən belə bir qərar qəbul etsə, bunu yalnız alqışlamaq olar”, – deyə Cabarov bildirib.
Xatırladaq ki, bundan əvvəl Azərbaycan Prezidenti İlham Əliyev Bakının Avropa Şurasından çıxmaq imkanını nəzərdən keçirdiyini bildirib. Dövlət başçısı bunu Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycana qarşı qəbul etdiyi qətnamələrlə əlaqələndirib və qeyd edib ki, bu sənədlər Azərbaycanın Qarabağ üzərində tam nəzarəti bərpa etməsindən sonra qəbul olunub.
Daha əvvəl isə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Avropa Şurasının Azərbaycana münasibətini "siyasi motivli" və "ikili standartlara əsaslanan yanaşma" kimi qiymətləndirmişdi.