Вернуться назад Распечатать

Zelenski Stanislav Luçanovun saxlanıldığını təsdiqləyib

1xeber.media xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski Kiyev vilayətində iki nəfərin qətli ilə bağlı aparılan istintaq çərçivəsində 155-ci Əlahiddə Mexanikləşdirilmiş Briqadanın keçmiş komandiri Stanislav Luçanovun saxlanıldığını təsdiqləyib.

Zelenski bu barədə "Telegram" hesabında daxili işlər naziri İqor Klimenkoya istinadən paylaşım edib.

“Bu şəxslər, təəssüf ki, hərbçilər və 155-ci briqadanın keçmiş komandiridir. Onların törətdiyi bütün əməllər ətraflı araşdırılacaq. Bu iş təkcə bir icmaya və ya Kiyev vilayətinə aid məsələ deyil”, – deyə Prezident bildirib.

Dövlət başçısı qeyd edib ki, hadisə ilə bağlı bütün həqiqətlərin üzə çıxarılması və günahkarların məsuliyyətə cəlb olunması bütün ölkə üçün vacibdir. O, həmçinin vilayət rəhbərliyi və polis nümayəndələrinin Kalinovka kəndinin sakinləri ilə görüş keçirdiyini, verilən vədlərin tam şəkildə yerinə yetiriləcəyini vurğulayıb.

Bundan əvvəl Stanislav Luçanov Kiyev vilayətində iki mülki şəxsin oğurlanması və qəsdən öldürülməsi işi üzrə şübhəli şəxs qismində tanınmışdı. İstintaqın məlumatına görə, qətlə yetirilən şəxslər iki doğma qardaş olub və onların meyitləri sonradan aşkar edilib. İş üzrə 155-ci briqadanın 9 hərbçisi saxlanılıb.

Məlumata görə, hadisə ilə bağlı məlumatlar ictimailəşdikdən sonra Luçanov hərbi hissəni özbaşına tərk edərək gizlənmişdi. Hazırda onun barəsində aparılan istintaq davam edir. Günahsızlıq prezumpsiyasına əsasən, məhkəmə qərarı çıxarılana qədər o, təqsirli hesab edilmir.