1xeber.media xəbər verir ki, Ukrayna Ali Radasının deputatı Yaroslav Jeleznyak Nazirlər Kabinetinin istefasının Qərb ölkələrinin dəstəklədiyi bir sıra qanun layihələrinin qəbulunu gecikdirəcəyini bildirib.
Deputat "Telegram" kanalında paylaşdığı açıqlamada qeyd edib ki, hökumət istefa verdikdə birinci oxunuşdan keçməyən bütün qanun layihələri avtomatik olaraq geri çağırılmış hesab edilir.
“Xatırladım ki, hökumət istefa verdikdə, birinci oxunuşdan keçməyən bütün qanun layihələri geri götürülür və onların statusu ‘geri çağırılıb’ kimi dəyişir”, – deyə Jeleznyak yazıb.
Onun sözlərinə görə, bu səbəbdən poçt göndərişlərinin vergiyə cəlb edilməsi, Ukraynanın Vahid Avropa Ödənişlər Məkanına (SEPA) qoşulması və antikorrupsiya strategiyasının qəbulu ilə bağlı qanun layihələrinin səsverməsi təxirə salınacaq.
Xatırladaq ki, daha əvvəl Ukraynada baş nazirin dəyişdirilməsi ilə bağlı qərarın ölkənin qarşıdakı qış mövsümünə hazırlığı ilə əlaqədar olduğu bildirilmişdi. Məlumatlara görə, Rusiyanın enerji infrastrukturuna mümkün yeni hücumları səbəbindən növbəti qışın əvvəlkilərdən daha çətin keçəcəyi gözlənilir.