1xeber.media xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqai Vaşinqton və Tehran arasında aparılan təmaslarda ABŞ Prezidenti Donald Trampın özünə qarşı mümkün sui-qəsd iddialarının heç vaxt müzakirə mövzusu olmadığını bildirib.
“Bu məsələ heç vaxt danışıqlarımızın gündəliyində olmayıb”, – deyə Bəqai qeyd edib.
Onun sözlərinə görə, beynəlxalq arenada baş verən dəyişikliklərdən və hadisələrdən öz maraqları naminə istifadə etməyə çalışan qüvvələrin mövcudluğuna dair heç bir şübhə yoxdur.
Xatırladaq ki, bundan əvvəl Donald Tramp İrandan qaynaqlana biləcək mümkün sui-qəsd təhlükəsi ilə üzləşə biləcəyini bəyan etmiş, lakin bu iddiasını təsdiqləyən hər hansı sübut təqdim etməmişdi.
Bundan başqa, The Wall Street Journal qəzeti mənbələrə istinadən yazıb ki, İsrail İranın Trampa qarşı mümkün sui-qəsd planı ilə bağlı kəşfiyyat məlumatlarını ABŞ tərəfinə ötürüb. Həmin iddialar da rəsmi şəkildə təsdiqlənməyib.