Вернуться назад Распечатать

Cənubi Koreyanın keçmiş prezidenti ömürlük həbs cəzası fonunda daha iki il həbs alıb

1xeber.media xəbər verir ki, Cənubi Koreyanın keçmiş prezidenti Yun Sok Yol Seul Mərkəzi Dairə Məhkəməsinin qərarı ilə daha iki il müddətinə azadlıqdan məhrum edilib.

UPI-nin məlumatına görə, məhkəmə onu qanunsuz siyasi ianələrin alınması ilə bağlı iş üzrə qismən təqsirli bilib.

Məhkəmə müəyyən edib ki, 2022-ci il prezident seçkiləri ərəfəsində bir sosioloji araşdırma şirkəti Yun Sok Yol və onun həyat yoldaşının maraqları naminə təxminən 180 min dollar dəyərində ödənişsiz sorğular keçirib. İstintaqın versiyasına görə, şirkətin rəhbəri Men Te Gyun bunun müqabilində müəyyən xidmətlər gözləyib.

Qeyd edək ki, fevral ayında keçmiş prezident barəsində ömürlük həbs hökmü çıxarılmışdı. Bundan əvvəl Cənubi Koreya prokurorluğu onun üçün ölüm hökmü tələb etmişdi. Ölkədə isə 1997-ci ildən ölüm cəzasına moratorium tətbiq olunur.

Xatırladaq ki, 3 dekabr 2024-cü ildə Yun Sok Yol Cənubi Koreyada hərbi vəziyyət elan etmişdi. O, qərarını KXDR tərəfdarları ilə mübarizə zərurəti ilə əsaslandırmışdı. Lakin qısa müddət sonra parlament tərəfindən vəzifəsindən uzaqlaşdırılmışdı.