Вернуться назад Распечатать

"Azərbaycan-ABŞ münasibətləri bundan sonra daha da inkişaf edəcək" - AÇIQLAMA

Bu gün Şuşada IV Qlobal Media Forumu keçirilir. Forum çərçivəsində iştirakçıların suallarını cavablandıran Prezident İlham Əliyev Azərbaycan-ABŞ münasibətlərinə, eləcə də ABŞ Prezidenti Donald Trampın fəaliyyəti ilə bağlı bir sıra diqqətçəkən fikirlər səsləndirib.

Prezident İlham Əliyev ABŞ Prezidenti Donald Trampı sülhsevər insan adlandırıb:

"Tramp sülhü gətirə biləcək insandır. O, artıq dünyanın müxtəlif bölgələrində 8 münaqişəyə son qoyub. Bu, onun təbiətidir, bu, onun baxışıdır və onun siyasətidir. Bizim məsələyə gəldikdə, onun rolu çox vacib idi. Çünki Azərbaycan və Ermənistan danışıqların yekun mərhələsində olarkən Prezident Tramp və onun komandası elə bir çərçivə yaratdı ki, sülh mümkün oldu”, - deyə dövlət başçısı qeyd edib.

1xeber.media xəbər verir ki, Prezident İlham Əliyevin açıqlamalarını "Unikal"a şərh edən Azərbaycan–ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Milli Məclisin deputatı Səməd Seyidov bildirib ki, hazırda Azərbaycan-ABŞ münasibətləri öz tarixinin ən uğurlu dövrlərindən birini yaşayır:

"Bu münasibətlər pik səviyyəyə çatıb. Faktiki olaraq, tariximizdə ilk dəfə münasibətlərimizi strateji tərəfdaşlıq səviyyəsinə yüksəltmişik. Cənab Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Azərbaycan bütün istiqamətlərdə, o cümlədən hərbi əməkdaşlıq sahəsində də əlaqələrini genişləndirir. Məlumdur ki, Amerika Birləşmiş Ştatları dünyanın aparıcı dövlətlərindən biridir. Bu baxımdan, Azərbaycanla ABŞ arasında formalaşan münasibətlər strateji xarakter daşıyır. Məhz buna görə də, Azərbaycanla münasibətlərdə tərəddüd edən bəzi Avropa ölkələri də artıq bu tərəddüddən imtina edir və ölkəmizlə əməkdaşlığa yanaşmalarını dəyişirlər.

Bu gün münasibətlərin belə yüksək səviyyəyə çatdırılması Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi ardıcıl və məqsədyönlü siyasətin nəticəsidir. Eyni zamanda, Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın Azərbaycan və bütövlükdə regionla bağlı həyata keçirdiyi, ölkəmizin və regionun maraqlarını nəzərə alan siyasətin məntiqi nəticəsidir ki, biz bu gün bunun real və gözəçarpan nəticələri müşahidə edirik.

İnanıram ki, bu münasibətlər gələcəkdə daha da inkişaf edəcək və bunun konkret nəticələrini görəcəyik. Həm TRIPP layihəsinin reallaşdırılması istiqamətində — təsadüfi deyil ki, bu layihə cənab Trampın adını daşıyır, həm də Azərbaycan-ABŞ münasibətlərinin yeni mərhələyə yüksəlməsi fonunda regionun əhəmiyyəti daha da artacaq. Prezident İlham Əliyevin də vurğuladığı kimi, regionun həm Amerika Birləşmiş Ştatları, həm də bütövlükdə dünya üçün strateji əhəmiyyəti və rolu daha da güclənəcək", - deyə S.Seyidov əlavə edib.