Вернуться назад Распечатать

Prezident İlham Əliyev Şuşada dövlətin siyasi prioritetlərini və sülh strategiyasını ortaya qoydu

Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunda dövlətin siyasi prioritetlərini və sülh strategiyasını ortaya qoydu.

1xeber.media  xəbər verir ki, bunu Milli Məclisin deputatı Elnarə Akimova deyib.

Onun sözlərinə görə, hazırda Şuşa regionun və dünyanın diqqətlə izlədiyi siyasi fikir, diplomatik dialoq və qlobal media məkanına çevrilib:

"Prezident İlham Əliyevin IV Şuşa Qlobal Media Forumunda çıxışı da bunun növbəti təsdiqi oldu. Dövlət başçısının səsləndirdiyi fikirlər Azərbaycanın yeni geosiyasi reallıqlara baxışını, milli maraqlarını, regional liderlik mövqeyini və gələcəyə hesablanmış dövlət strategiyasını özündə ehtiva edən siyasi manifest idi".

Deputat bildirib ki, Azərbaycan artıq hadisələri izləyən deyil, onların istiqamətini müəyyənləşdirən dövlətdir:

"Bu gün regionun siyasi xəritəsini müəyyən edən əsas amil beynəlxalq hüquqa söykənən Azərbaycan reallığıdır. Azərbaycan müharibəni başa çatdıran, indi isə sülh müqaviləsinin imzalanması üçün təşəbbüs göstərən tərəfdir. Rəsmi Bakı kommunikasiyaların açılmasını, iqtisadi əməkdaşlığı və regionun təhlükəsizlik məkanına çevrilməsini dəstəkləyir. Lakin bu sülh yalnız qarşılıqlı hörmət, beynəlxalq hüquqa əməl edilməsi və yeni reallıqların qəbul olunması üzərində qurula bilər. Ermənistanın revanşist yanaşmalardan imtina etməsi regionun gələcəyi üçün ən vacib şərtlərdən biridir".


Milli Məclisin üzvü qeyd edib ki, son otuz ilin siyasi tarixi Azərbaycanın müxtəlif təzyiqlərlə, ikili standartlarla, informasiya hücumları ilə dəfələrlə üzləşdiyini göstərdi:

"Ancaq milli həmrəylik, güclü dövlət idarəçiliyi və qətiyyətli siyasi iradə bütün bu sınaqlardan Azərbaycanı daha da güclü çıxarıb. Dövlət başçısının milli təhlükəsizliklə bağlı dediyi kimi, hüquqlarımızın, milli kimliyimizin və dövlət müstəqilliyimizin qorunması uğrunda mübarizə heç vaxt dayanmamalıdır. Bu fikir müasir dövrdə dövlətçilik fəlsəfəsinin əsas istiqamətlərindən birini müəyyənləşdirir. Çünki XXI əsrdə təhlükələr yalnız hərbi müstəvidə deyil, siyasi, iqtisadi, informasiya və ideoloji sahələrdə də meydana çıxır. Ölkənin qarşılaşdığı geosiyasi risklərlə bağlı səsləndirilən fikirlər isə təkcə xəbərdarlıq deyil, həm də Azərbaycanın milli maraqlarını qorumaq əzmindən irəli gələn siyasi mövqedir. Son illərin hadisələri sübut etdi ki, ölkəmizə qarşı aparılan siyasi, diplomatik və informasiya təzyiqləri Azərbaycanın strateji kursunu dəyişə bilməyib".

E.Akimova vurğulayıb ki, Prezident İlham Əliyevin çıxışında Zəngəzur dəhlizinə xüsusi yer ayırması da təsadüfi deyil:

"Bu layihə təkcə Azərbaycanın qərb rayonlarını Naxçıvanla birləşdirəcək nəqliyyat marşrutu deyil. Zəngəzur dəhlizi Türk dünyasını vahid nəqliyyat və iqtisadi məkan ətrafında birləşdirən, Orta Dəhlizin imkanlarını genişləndirən və Avrasiya logistikasının yeni xəritəsini formalaşdıran strateji layihədir. Bu dəhliz regionda iqtisadi inteqrasiyanı gücləndirəcək, ticarət dövriyyəsini artıracaq və Cənubi Qafqazın geosiyasi əhəmiyyətini daha da yüksəldəcək. Azərbaycanın bu layihəyə yanaşması aydındır: əməkdaşlıq, qarşılıqlı fayda və regional inkişaf".

Deputat həmçinin söyləyib ki, dövlət başçısı dost və qardaş ölkələrlə münasibətlərin Azərbaycanın xarici siyasətinin əsas sütunlarından biri olduğunu vurğuladı:

"Türkiyə ilə müttəfiqlik münasibətləri artıq regional təhlükəsizlik modelinə çevrilib. "Bir millət, iki dövlət" prinsipi bu gün konkret siyasi, iqtisadi və hərbi əməkdaşlıqla möhkəmlənir. Pakistan, Mərkəzi Asiya dövlətləri və digər strateji tərəfdaşlarla əlaqələrin genişlənməsi Azərbaycanın beynəlxalq nüfuzunun davamlı şəkildə artdığını göstərir. Dövlət başçısı ABŞ Prezidenti Donald Trampla münasibətlərə də toxunaraq praqmatik dialoqun və qarşılıqlı hörmətə əsaslanan əməkdaşlığın vacibliyini qeyd etdi. Bu, Azərbaycanın xarici siyasətinin dəyişməz prinsipini bir daha ortaya qoyur: ölkəmiz bütün dövlətlərlə bərabərhüquqlu münasibətlərin tərəfdarıdır, lakin milli maraqlar heç vaxt müzakirə predmeti ola bilməz".

E.Akimova əlavə edib ki, Qarabağ və Şərqi Zəngəzurda salınan müasir şəhərlər və kəndlər, beynəlxalq hava limanları, avtomobil və dəmir yolları, enerji layihələri, məktəblər, xəstəxanalar və yaşayış kompleksləri zəfərin inkişaf strategiyasına çevrildiyini bütün dünyaya nümayiş etdirir:

"Azərbaycan bu gün öz taleyini özü müəyyən edən, milli maraqlarını qətiyyətlə qoruyan, dostları ilə etibarlı tərəfdaşlıq münasibətləri quran və regionun gələcəyini müəyyənləşdirən aparıcı dövlətdir. Qalib Azərbaycan revanşizmə deyil, sülhə üstünlük verir, qarşıdurmaya deyil, əməkdaşlığa çağırır. Ancaq eyni zamanda hər kəsə aydın mesaj verir: dövlətimizin suverenliyi, milli ləyaqəti və müstəqilliyi heç vaxt güzəşt mövzusu olmayacaq. Qarabağ müharibəsi göstərdi ki, müasir dövrdə qələbə yalnız döyüş meydanında qazanılmır. İnformasiya məkanında həqiqətin müdafiəsi də milli maraqların qorunmasının mühüm tərkib hissəsidir. Uzun illər ərzində Qarabağ həqiqətlərinin təhrif edilməsinə qarşı aparılan mübarizə nəticəsində bu gün beynəlxalq ictimaiyyət Azərbaycanın mövqeyini daha obyektiv qiymətləndirir.

Milli Məclisin deputatı diqqətə çatdırıb ki, Şuşada media forumunun keçirilməsi dərin rəmzi məna daşıyır:

"Bir vaxtlar işğalın simvoluna çevrilmiş şəhər bu gün həqiqətin danışıldığı beynəlxalq tribunadır. Beləliklə, IV Şuşa Qlobal Media Forumu yalnız media nümayəndələrinin toplantısı deyil, yeni dövrün siyasi və ideoloji çağırışlarının müzakirə olunduğu mühüm beynəlxalq platforma kimi tarixə düşdü. Şuşadan dünyaya ünvanlanan mesaj isə birmənalıdır: güclü dövlət, milli birlik, obyektiv informasiya, etibarlı tərəfdaşlıq və qətiyyətli siyasi iradə Azərbaycanın bugünkü uğurlarının da, sabahkı inkişafının da əsas təminatıdır".