Azərbaycanın D-8-ə üzvlüyü təşkilatın fəaliyyətinə yeni bir təkan verib.
Bunu Reportun Şuşaya ezam olunmuş əməkdaşına açıqlamasında D-8 Təşkilatının Baş katibi Sohail Mahmud deyib.
O, D-8 Media Mükəmməllik Mərkəzi və D-8 Nəqliyyat Mükəmməllik Mərkəzinin Azərbaycanda yaradılmasının Təşkilat üçün vacibliyinə toxunub.
"Prezident İlham Əliyevin nümayiş etdirdiyi uzaqgörən rəhbərliyə görə həqiqətən minnətdarıq. Bu rəhbərlik altında Azərbaycan hökuməti və rəsmi qurumları D-8-in işinə çox dəyərli töhfələr vermək üçün çox çalışıblar".
Baş katib ilk dəfə Şuşa Qlobal Media Forumunda iştirak etdiyini diqqətə çatdırıb:
"Dünyanın müxtəlif yerlərindən olduqca geniş iştirakçılıq var və bu forum üçün seçilmiş mövzu da çox mühümdür: sülhün bərqərar olunmasında həqiqət və etimad necə bir rol oynaya bilər və ya oynayır. Son dörd il ərzində bu forumun Şuşada mütəmadi olaraq keçirilməsi ilə çox güclü bir dialoq platforması formalaşıb.
Gələcəkdə forum bu dialoqun daha da güclənməsinə, qarşılıqlı anlaşmanın artmasına, eləcə də beynəlxalq auditoriyaya Azərbaycanın regionda və dünyadakı rolu, mövqeyi barədə məlumat verilməsinə xidmət etməkdə davam edəcək".
O qeyd edib ki, forum iştirakçıları Şuşaya gəldikdə burada aparılan yenidənqurma işlərini, bölgənin iqtisadi dirçəlişi üçün göstərilən səyləri, qurulan keyfiyyətli infrastrukturu və həmçinin mədəni ənənələrin yenidən canlandırılmasının canlı şahidi olublar.