Вернуться назад Распечатать

Dövlətin “Şuşa dili”

Gözlər yenə də Şuşadadır. Əsası qoyulandan bu günə kimi, hər zaman fərqli məsələlərlə bağlı diqqət mərkəzində olan bu əsrarəngiz şəhər artıq ənənəyə çevrilən “Şuşa Qlobal Media Forumu”na növbəti, dördüncü dəfə ev sahibliyi edir. Zəfər savaşımızın şanlı qələbə ilə bitməsindən sonra əsası qoyulan bu tədbir öz əhəmiyyəti ilə nəyinki regionda, hətta dünyada belə seçilən tədbirlərdən biridir. Statistik məlumatlarda deyilir ki, bu ilki forumda dünyanın 54 ölkəsindən 160-a yaxın media nümayəndəsi, ekspert və rəsmi şəxs iştirak edir. Hətta gələn xəbərlərdən məlum olur ki, gələn qonaqların çoxluğundan Şuşadakı otellər bəs etmədiyi üçün, qonaqların bir qismi Xankəndi şəhərində yerləşdirilib.

Bəli, indi Şuşada gəzərkən əli ilə Xankəndini göstərib “Otel oradadırmı?” soruşan istənilən qonağa, qürurla “Bəli” cavabını vermək olur. Belə böyük bir tədbiri növbəti dəfə qüsursuz təşkil edən və dünya media ictimaiyyətinin Azərbaycanın göz bəbəyi Şuşada yüksək səviyyədə qarşılanıb, qonaqlanmasında əməyi olan hər kəsə çox böyük təşəkkür düşür.

Bir neçə gün əvvəldən növbəti forum haqda məlumatlar verilməyə başlayanda, istər-istəməz yaxın tarixə ekskurs edib, forumun yaranma səbəblərini və önəmini düşündüm. Bu yöndə düşünərkən, şübhəsiz ki, ilk xatırlanan 44 günlük Zəfər Savaşımız olur. Hansı ki, Azərbaycan xalq olaraq işğal olunmuş ərazilərdə, dövlət olaraq isə bir neçə meydanda döyüşürdü. Azərbaycanın igid oğulları canlarını vətən torpağına qatıb, doğma torpaqlarımızı qarış-qarış işğaldan azad etdiyi günlərdə, hərb meydanından heç də fərqlənməyən başqa bir meydan vardı- diplomatiya meydanı. Cəbhədə döyüşlərin, qapalı qapılar arxasında diplomatik görüşlərin keçirildiyi, çətin qərarların verildiyi bu günlərdə bir üçüncü meydanda isə Dövlət Başçısı təkcə dünya media qurumlarının nümayəndələri ilə “döyüşür”, hər gün ən azı bir ölkənin “təpədən dırnağa silahlanıb gəlmiş” jurnalistinə, həm də bütün dünyanın gözünün içinə həqiqətləri çatdırırdı. Bəzən rus, bəzən ingilis, bəzən türk dilində verilən suallara eyni dilləri istifadə edərək cavab verən dövlət başçımız, Azərbaycan Dövlətinin artıq “hər kəslə öz dilində” danışmağı bacardığını əyani göstərirdi.

Bu hərtərəfli savaşın nəticəsində Azərbaycan oğullarının canı və qanı bahasına torpaqlarımızda aparılan müharibə Azərbaycanın tam qələbəsi ilə başa çatdı. Artıq silahlar susmuş, düşmən kapituliyasıya aktını imzalamağa məcbur olmuşdu. Amma bu o demək deyildi ki, diplomatik və mediatik savaşlar da bitmiş sayıla bilər. Əksinə, bu sahələrdə “savaş” hələ təzə başlayırdı. Bundan sonra tarixi torpaqlarımıza yağı düşmən tərəfindən illərlə vurulan zərəri, vətənimizin üzərində aparılmış vandallıq aktlarını bütün dünyaya uğurla çatdırmaq, torpağın əsl sahibinin bundan sonrakı qayıdış və quruculuq işlərini beynəlxalq ictimaiyyətə göstərmək lazım idi. Və bir də, ən əsası gündən günə güclənən və regionda artıq söz sahibi olan, “orta səviyyəli güc”ə çevrilən bir dövlətin həm regiona, həm dünyaya verəcəyi mesajları elə məhz öz torpağından, ölkənin ən strateji şəhəri olan Şuşadan çatdırmaq ən doğrusu idi. Belə bir zamanda beynəlxalq media forumu ideyası yarandı və uğurla davam etdirilən bu layihənin sayəsində artıq dörd ildir ki, Azərbaycan dövləti dünya ilə  “Şuşa dilində” danışır.

İldən ilə beynəlxalq aləmdə yerini möhkəmlədən Azərbaycan Dövlətinin sözünün çəkisi də artır. Və əgər bir neçə il əvvəl belə bir forum daha çox bizə lazım idisə, indi fərqli ölkələrdən gələn jurnalistlər dünyada gedən proseslərlə bağlı Azərbaycanın mövqeyini, dövlət başçısının fikrini öyrənmək üçün buradadır. İndi çoxlarının bizim sözümüzə, mövqeyimizə ehtiyacı var. Necə ki, bir neçə gün əvvəl nəyinki bölgədə, hətta dünyada sayılı güclərdən sayılan iki ölkə İsrayil və Türkiyə arasında baş verə biləcək qalmaqal və real münaqişə azərbaycanın mövqeyi və sözü ilə dayandırıldı. İsrail höküməti “erməni soyqırımı” məsələsində dərinə getməməyə və bu məsələ ilə bağlı aparılan işləri dayandırmağa razılaşdı.

Azərbaycan Prezidentinin iştirakı ilə “IV Şuşa Qlobal Media Forumu” məhz belə bir tarixi zaman kəsiyində, bu gün öz işinə başladı. Dövlət başçısının təqribən 3 saata yaxın dünyanın bütün ölkələrindən gəlmiş media nümayəndlərinin suallarına verdiyi cavablar bizi yenidən o günlərə, 44 günlük Zəfər Savaşına apardı. Qonaqları salamlayan dövlət başçısı, “Şuşa Forumu”nun daha bir önəmindən danışdı. Diqqəti işğaldan azad olunmuş ərazilərdə, konkret olaraq Şuşa şəhərində aparılan tikinti-quruculuq işlərinə çəkən Prezident qonaqları bu dəyişikliləri öz gözləri ilə görməyə dəvət etdi.

Dövlət başçısı kifayət qədər geniş müddət ərzində içində incə məqamların da olduğu, dünya gündəmini məşğul edən bir çox məsələ ilə bağlı Azərbaycan dövlətinin mövqeyini bildirdi və çox önəmli mesajlar verdi. Bunlardan ən gözləniləni isə, əlbəttə ki, “Avropa  Parlamenti” ilə münasibətlər idi. Çıxışının əvvəlində regionda münasibətlər, qonşularla heç bir problemin olmaması, əksinə bütün qonşu dövlətlərlə sıx əməkdaşlıq və mehribanlıq zəminində yaşadığımızı vurğulayan dövlət başçısı, bütün arqumentlərlə problemin Avropa Şurasından qaynaqlandığını açıb göstərdi. Necə ki, məşhur “907-ci maddə” ilə bağlı sualı cavablandırarkən, problemin keçmiş prezident Biden başda olmaqla ermənipərəst senatorlardan qaynaqlandığını çox açıq dedi, eləcə də Avropa Parlamentini ikili standartlarla fəaliyyət göstərdiyini ortaya qoydu. Bununla bağlı konkret fakt da səsləndirən dövlət başçısı, Fransanın müstəmləkə altına saxladığı ölkələrlə bağlı məsələnin hansısa dövlətin daxili işinə qarışmaq yox, insan haqqları ilə bağlı məsələ olduğunu, lakin bu haqda müzakirələr aparan “Bakı Təşəbbüs Qrupu”nun Fransanın daxili işlərinə qarışmaqda ittiham olunduğunu dilə gətirdi. “Zənnimcə, bu, müstəqil medianın çox mühüm missiyasıdır”-deyə davam edən dövlət başçımız dünya mediasını bu kimi məsələlərə daha həssas yanaşmağa çağırdı. Bütün bu açıqlananların fonunda təbii ki, ortaya haqlı olaraq “belə bir təşkilatda qalmağa dəyərmi?” sualı çıxır...

Rusiya -Ukrayna müharibəsi ilə bağlı da hər zamankı ədalətli mövqeyimizdə olduğumuzu bir daha xatırladan dövlət başçısı, konkret mesaj verdi : “Məncə artıq çoxdan dərk edilməli idi ki, bu müharibə dayandırılmalıdır və bu, dərhal baş verməlidir. Bu, Azərbaycanın mövqeyidir, bu, mənim insani mövqeyimdir.”

Əlbəttə, hər il olduğu kimi, bu ilki forum da tək Azərbaycanda yox, ölkəmizin hüdudlarından çox-çox uzaqlarda da günlərlə müzakirə olunacaq, suallar və cavablar geniş təhli olunacaq. Bir vətəndaş kimi, mənə daha çox maraqlı olan öz ölkəmin bu günkü duruşu, dünyadakı yeridir. Və bu gün bu yer o qədər önəmlidir ki, Azərbaycanın işğaldan azad olunmuş Şuşa şəhərindəki forumda, Azərbaycanın dövlət başçısından  argentinalı jurnalist öz ölkəsi ilə Böyük Britaniya arasında olan “Folklend adaları məsələsinə” münasibəti soruşur. Bu məsələ ilə bağlı Azərbaycan dövlətinin mövqeyi minlərlə kilometr aralıdakı Argentina üçün maraq kəsb edir. Bu mövqe məhz belədir:

“Əsas məsələ hər bir ölkənin ərazi bütövlüyünün qorunmasıdır. Sizin də qeyd etdiyiniz kimi, Azərbaycan bu prinsipin qətiyyətli tərəfdarıdır. Bu mövqe, təbii ki, ölkəmizin ərazi bütövlüyünün vaxtilə pozulması ilə bağlı formalaşıb. Lakin biz ərazi bütövlüyümüzü və suverenliyimizi tam bərpa etdikdən sonra da bu mövqedən geri çəkilmədik. Biz heç vaxt bu məsələyə siyasi üstünlüklər və ya ayrı-ayrı ölkələrlə münasibətlər prizmasından yanaşmamışıq. Biz onu ədalət və beynəlxalq hüquq baxımından qiymətləndiririk. Mənim mesajım da budur: Öz hüquqlarınızı və suverenliyinizi qoruyun. Bu, ötən il ukraynalı dostlarımıza ünvanladığım mesajın mahiyyətcə eynisidir”.

Yuxarıda da qeyd etdiyim kimi, biz dünya ilə haqqın və ilahi ədalətin bariz nümunəsi olan, şirin və səmimi ŞUŞA dilində danışırıq. İndi bizi bütün dünya bu dildə dinləyir, sözümüzü eşidir!

Yaşasın Azərbaycan Dövləti!

Çingiz Özgür