Вернуться назад Распечатать

Binəqədidə tədbir keçirildi

İyulun 13-də “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Prezidentin İşlər İdarəsinin İctimai-Siyasi Sənədlər Arxivinin inzibati binasında Ümummilli Lider Heydər Əliyevin ilk dəfə siyasi rəhbərliyə gəlişinin 57-ci ildönümünə həsr olunmuş “14 iyul 1969-cu il: Tarixi dönüş və Azərbaycanın milli inkişaf yolunun başlanğıcı” adlı tədbir keçirilib.

1xeber.media xəbər verir ki, tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, İctimai-Siyasi Sənədlər Arxivinin direktoru Elmira Ələkbərova, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, RİH-in müavinləri və Aparatın əməkdaşları, ziyalılar, ictimai birliklərin rəhbərləri, media nümayəndələri iştirak etdilər.

Tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzərək Ulu Öndərin və Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi uğrunda şəhid olmuş qəhrəmanların əzizi xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səslənib.

Daha sonra tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin ömür və fəaliyyətinə həsr olunmuş muzey və arxiv sənədləri, fotoşəkillər, nəşrlərdən ibarət sərgi ilə tanış olublar.

İctimai-Siyasi Sənədlər Arxivinin direktoru Elmira Ələkbərova bildirib ki, 1969-cu il iyulun 14-də Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlişi ölkənin tarixində dönüş nöqtəsi olmaqla milli inkişafın yeni mərhələsinin əsasını qoyub. Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində ölkənin sosial-iqtisadi, elmi və mədəni inkişafı sürətlənib, gələcək dövlət müstəqilliyi üçün möhkəm siyasi və iqtisadi zəmin formalaşıb. Direktor vurğuladı ki, Arxivdə mühafizə olunan zəngin sənəd irsi həmin dövrün dövlət siyasətini, qəbul olunmuş mühüm qərarları və onların ölkənin inkişafına təsirini obyektiv şəkildə əks etdirir. Bu sənədlərin elmi dövriyyəyə gətirilməsi və ictimaiyyətə təqdim olunması tarixi yaddaşın qorunması, milli-mənəvi dəyərlərin gələcək nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Sonra Arxiv tərəfindən hazırlanmış “Heydər Əliyev və Azərbaycan milli mədəniyyəti” silsiləsindən “Teatr və kino” və “Musiqi mədəniyyəti” adlı kitablarının təqdimatında qeyd edilib ki, nəşrlərdə Ümummilli Liderin 1969-1982-ci illərdə Azərbaycana rəhbərliyi dövründə milli mədəniyyətinin inkişafına dair dövlət siyasətini əks etdirən, Arxivin fondlarında mühafizə olunan çoxsaylı sənədlər ilk dəfə sistemli şəkildə geniş oxucu auditoriyasına təqdim edilir.

Çıxışının sonunda Elmira Ələkbərova Ümummilli Lider Heydər Əliyevin “Xalqı yaşadan, onu millət kimi qoruyan və dünyaya tanıdan onun dilidir, ədəbiyyatıdır, incəsənətidir, mədəniyyətidir” fikrini xatırladaraq bildirib ki, Arxiv tərəfindən hazırlanmış nəşrlər də məhz bu ali dəyərlərin qorunmasına, öyrənilməsinə və gələcək nəsillərə çatdırılmasına xidmət edir.

Elxan Allahverdiyev çıxışında qeyd edib ki, Ulu Öndərin Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəldiyi 1969-cu ilin 14 iyul günü xalqımızın tarixi taleyində misilsiz rolu ilə daim xatırlanır. Bu tarix Azərbaycanın xilasının birinci mərhələsi, xalqın özünə qayıdış tarixidir. Dünya şöhrətli siyasi xadim öz müdrik fəaliyyəti ilə müasir tariximizin ən şanlı və parlaq salnaməsini yaradıb.

RİH başçısı Ümummilli Lider Heydər Əliyevin ilk dəfə siyasi rəhbərliyə gəlişinin 57-ci ildönümünə həsr olunmuş tədbirin məhz Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin İctimai-Siyasi Sənədlər Arxivində keçirilməsinin xüsusi məna daşıdığını bildirərək vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyevin 1969-1982-ci illərdə Azərbaycana rəhbərlik etdiyi dövrə aid dövlət idarəçiliyini, siyasi, iqtisadi, sosial və mədəni inkişaf strategiyasını əks etdirən zəngin arxiv sənədləri məhz bu arxivdə mühafizə olunur.

Azərbaycanın bu gün bütün dünyada özünəməxsus milli-mənəvi keyfiyyətlərə, adət-ənənələrə, mədəni dəyərlərə malik ölkə, qüdrətli sənaye potensialı, yüksək intellektual səviyyəsi ilə tanınması məhz Ümummilli Lider Heydər Əliyevin fəaliyyətinin nəticəsidir. Ulu Öndərin nəsillərə nümunə olan həyat yolu xalqa təmənnasız xidmətdə keçib. Dahi Şəxsiyyət nəinki müstəqil Azərbaycan dövlətçiliyinin əbədiliyini təmin edib, həm də yeni idarəçilik məktəbi formalaşdırıb. Özünün qurub-yaratdığı, şah əsəri olan müstəqil Azərbaycanın taleyini bu məktəbin layiqli davamçısı olan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə əmanət edib. Bu gün ölkəmiz Ümummilli Lider Heydər Əliyev siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni nailiyyətlər qazanır.

Tədbir çərçivəsində İctimai-Siyasi Sənədlər Arxivinin fondlarında mühafizə olunan 1969–1982-ci illərə aid sənədlər əsasında hazırlanmış sənədli xronika nümayiş etdirilib.