Вернуться назад Распечатать

Rusiya Müdafiə Nazirliyi Odessa limanında daha üç yük gəmisinə zərbə endirildiyini iddia edib

1xeber.media xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi Silahlı Qüvvələrinin Ukraynanın liman infrastrukturuna və Ukrayna ordusunun maraqlarına xidmət etdiyi iddia olunan obyektlərə zərbələri davam etdirdiyini açıqlayıb.

Nazirliyin məlumatına görə, zərbə pilotsuz uçuş aparatları ilə Odessa limanının reydində olan daha üç quru yük gəmisinə endirilib.

Bundan başqa, Rusiya Müdafiə Nazirliyi bildirib ki, "Yujnı" dəniz ticarət limanında yüksək dəqiqlikli hava bazalı silahlarla yanacaq-sürtkü materiallarının boşaldılması üçün istifadə edildiyi iddia olunan liman infrastrukturu obyektləri vurulub.

Məlumata əsasən, Ukrayna Silahlı Qüvvələrinin təminatı üçün nəzərdə tutulduğu iddia edilən yanacaq-sürtkü materialları saxlanılan beş rezervuar da zərbəyə məruz qalıb.

Qeyd edək ki, bu məlumat Rusiya Müdafiə Nazirliyinin açıqlamasına əsaslanır və müstəqil mənbələr tərəfindən təsdiqlənməyib. Ukrayna tərəfi isə bununla bağlı hələlik rəsmi açıqlama verməyib.