1xeber.media xəbər verir ki, Almaniyanın Der Spiegel nəşri Fransa Prezidenti Emmanuel Makronun Parisdə "istəklilər koalisiyası"nın sammitini təşkil etməsinin əsas məqsədinin Rusiya Prezidenti Vladimir Putinin diqqətini cəlb etmək olduğunu yazıb.
Nəşrin məlumatına görə, NATO-nun baş katibi Mark Rütte və Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin də qatıldığı sammitin əsas mövzusu Ukraynaya dəstək məsələsi olub.
Bundan əlavə, Bastiliyanın alınması günü münasibətilə keçirilən hərbi parad "istəklilər koalisiyası"na daxil olan ölkələrin, o cümlədən Ukraynanın 500 hərbçisinin iştirakı ilə açılıb.
Məqalədə bildirilir ki, "istəklilər koalisiyası" ilk növbədə Rusiya Prezidenti Vladimir Putin tərəfindən ciddi qəbul olunmağa çalışır. Müəllif eyni zamanda sual edir ki, simvolik addımlar və təmtəraqlı tədbirlər Putinə təsir göstərmək üçün kifayət edəcəkmi.
Yazıda qeyd olunur ki, Ukraynanın müttəfiqləri Kiyevə dəstəyi davam etdirmək üçün səylər göstərsələr də, atəşkəsin əldə olunması məsələsində hələlik nəticəsiz qalırlar.
Xatırladaq ki, bundan əvvəl Almaniya kansleri Fridrix Merts "istəklilər koalisiyası"nın iclasından sonra Ukrayna ilə bağlı danışıqlara başlamaq üçün münasib vaxtın yetişdiyini bildirmiş, eyni zamanda Avropa ölkələrinin Moskvaya təzyiqi artırmaq niyyətində olduqlarını bəyan etmişdi.