Məlum olduğu kimi iyulun 13-də Şuşada “Sülhün təşviqində medianın missiyası: Həqiqətin
bərpası və etimadın yenidən qurulması” mövzusunda IV Şuşa Qlobal Media Forumunun açılış
mərasimi keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib, Forum
iştirakçılarının suallarını cavablandırıb.
Azərbaycan növbəti dəfə qlobal əhəmiyyətli beynəlxalq tədbirə yüksək səviyyədə evsahibliyi
edir. Ölkəmizin mədəniyyət paytaxtı, tarixi və strateji əhəmiyyəti ilə seçilən Şuşa şəhəri növbəti dəfə
möhtəşəm forum iştirakçılarına qapılarını açıb.
İyulun 13-də başlanan və artıq ənənə halını alan və dünya ictimaiyyətinin diqqətini
Azərbaycana, Qarabağa yönəldən IV Şuşa Qlobal Media Forumu iyulun 13-də öz işinə başlayıb. Bu il
"Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması" mövzusuna
həsr olunan forum miqyasına və iştirakçı sayına görə diqqət çəkir. Dünyanın 54 ölkəsindən 160-a
yaxın media nümayəndəsini, 30-a yaxın beynəlxalq informasiya agentliyini, 60-dan çox aparıcı media
qurumunu bir araya toplayan forum qlobal informasiya məkanında sülh quruculuğu, dezinformasiya ilə
mübarizə və rəqəmsal təhlükəsizlik kimi aktual çağırışların müzakirə olunduğu önəmli platformadır.
Azərbaycan zəngin təcrübəsi ilə dünya miqyasında müzakirələrin əsas mərkəzlərindən birinə
çevrilmişdir. Ölkə rəhbəri İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü xarici siyasət respublikamızı
mötəbər qlobal tədbirlərə ev sahibliyi edən təhlükəsiz və hörmətli bir tərəfdaş kimi tanıtmışdır. Bu
baxımdan, Şuşa Qlobal Media Forumunun təşkili ölkəmizin dünya informasiya məkanında artan
nüfuzunu və diplomatik uğurlarını aydın şəkildə nümayiş etdirir. Həmin tədbir adi bir media görüşü
olmaqdan daha çox, rəsmi Bakının qlobal siyasətdə irəli sürdüyü yeni və effektiv bir dialoq modelidir.
2022-ci ildə təməli qoyulan və sonradan Şuşa Qlobal Media Forumu adı altında ənənəvi
xarakter alan bu beynəlxalq layihə qısa vaxt ərzində qlobal mətbuatın əsas müzakirə mərkəzinə
çevrilmişdir. Tədbirin hər il coğrafi miqyasını daha da genişləndirməsi, fərqli ölkələrdən gələn media
rəhbərlərini, analitikləri və tanınmış beynəlxalq qurumların rəsmilərini vahid platformada birləşdirməsi
onun qlobal səviyyədə nüfuzunun sürətlə yüksəlməsinin bariz göstəricisidir.
Forumun açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev ənənəvi olaraq xarici media
təmsilçilərinin dünyada və regionda baş verən proseslərə, mövcud vəziyyətə və gələcəyə dair
suallarını cavablandırıb. Dövlətimizin başçısı qlobal aləmdə cərəyan edən geosiyasi prosesləri dolğun
təhlil edərək Azərbaycanın bu məsələlərə prinsipial mövqeyini növbəti dəfə dünyaya bəyan edib.
Prezident İlham Əliyev çıxışında Cənubi Qafqazda dayanıqlı sülhün təmin olunması, regional
əməkdaşlıq perspektivləri, nəqliyyat dəhlizlərinin inkişafı, enerji təhlükəsizliyi, beynəlxalq hüququn
aliliyi, informasiya təhlükəsizliyi, dezinformasiyaya qarşı mübarizə, Azərbaycanın Avropa İttifaqı və
ABŞ ilə münasibətləri kimi bir çox mühüm məsələyə toxunub.
Prezident İlham Əliyevin bir sıra məsələlərə dair suallara ətraflı aydınlıq gətirməsi informasiya
manipulyasiyalarının qarşısının alınması və Azərbaycan həqiqətlərinin beynəlxalq auditoriyaya
obyektiv şəkildə çatdırılması baxımından xüsusi əhəmiyyət daşıyır. Dövlətimizin başçısının
səsləndirdiyi fikirlər bir daha nümayiş etdirir ki, Azərbaycan regionda yaranmış yeni siyasi reallıqların
müəllifi olmaqla yanaşı, onların gələcək inkişaf istiqamətlərini və təhlükəsizlik balansını
müəyyənləşdirən əsas siyasi aktorlardan biridir.
Nəticə etibarı ilə IV Şuşa Qlobal Media Forumu bir daha təsdiqlədi ki, Prezident İlham Əliyevin
rəhbərliyi ilə Azərbaycan yalnız regional deyil, həm də qlobal əhəmiyyət daşıyan məsələlərin
müzakirəsində fəal iştirak edən, dialoqu təşviq edən və etibarlı tərəfdaş kimi qəbul olunan dövlətdir.
Şuşa Forumu rəsmi Bakının regional sülhün və əməkdaşlığın şərtlərini diktə edən aparıcı qüvvə
olduğunu beynəlxalq siyasi müstəvidə bir daha bəyan etdi.
Dövlətimizin başçısının forum çərçivəsində səsləndirdiyi fikirlər Azərbaycanın sülhə,
əməkdaşlığa və qarşılıqlı etimada əsaslanan siyasətinin ardıcıl şəkildə davam etdirildiyini göstərdi.
Şuşadan dünyaya ünvanlanan mühüm siyasi mesajlar ölkəmizin beynəlxalq nüfuzunun daha da
möhkəmlənməsinə, Azərbaycan həqiqətlərinin qlobal informasiya məkanına çatdırılmasına, eyni
zamanda beynəlxalq ictimaiyyətlə etimad münasibətlərinin dərinləşməsinə mühüm töhfə verir.
Elvin Rzayev,
Sabirabad rayon Mədəniyyət Mərkəzinin bədii rəhbəri