Şuşa Forumu artıq beynəlxalq media ekspertlərinin, agentlik rəhbərlərinin və rəsmi
şəxslərin sərbəst şəkildə fikir mübadiləsi apardığı nüfuzlu bir platformaya çevrilib. Builki
Forumun miqyası onun qlobal statusunu bir daha təsdiq edir. Belə ki, 53 ölkədən 160-a yaxın
media nümayəndəsi, ekspert və rəsmi şəxs, 30-a yaxın beynəlxalq informasiya agentliyi və
60-dan çox aparıcı media qurumu Forumda iştirak edir. Şuşanın ev sahibliyi etdiyi bu
platforma regionda postmünaqişə dövrünün reallıqlarını dünyaya birbaşa, birinci mənbədən
çatdırmaq üçün əvəzsiz "yumşaq güc" (soft power) aləti hesab olunur. Şuşa Qlobal Media
Forumu bu yeni reallıq fonunda dövlətimizin sülh niyyətini nümayiş etdirir: Beynəlxalq mediada
region haqqında yaradılan "militarist ölkə" imicini darmadağın edərək, Azərbaycanın Cənubi
Qafqazı davamlı sülh məkanına çevirmək istəyi birbaşa xarici ekspertlərin diqqətinə çatdırılır.
Forum çərçivəsində aparılan müzakirələr göstərir ki, Azərbaycan keçmiş münaqişənin
fəsadlarına ilişib qalmır, əksinə, Ermənistanla sülh müqaviləsinin imzalanması və regional
kommunikasiyaların açılması üçün konkret təkliflərlə çıxış edir, real addımlar atır.
Forumun açılış mərasimində iştirak edən Prezident İlham Əliyev xarici jurnalistlərin
suallarını cavablandırarkən Azərbaycanın xarici siyasət kursu, enerji strategiyası və regional
təhlükəsizlik memarlığı ilə bağlı bir sıra fundamental mesajlar verib. Dövlət başçısı bəyan edib
ki, Azərbaycanın yürütdüyü siyasət hər zaman əməkdaşlığa yönəlmişdir. Son 23 ilə nəzər
salsaq görərik ki, Azərbaycan öz tarixinin ən dinamik, əsaslı və sistemli modernləşmə, iqtisadi
yüksəliş və hərbi-siyasi zəfər dövrünü yaşamışdır: “23 ilə yaxındır, prezident kürsüsündəyəm,
bu illər ərzində Azərbaycan haradan haraya gəlib, bunu xalqımız yaxşı bilir. Azərbaycan
xalqına bir çox müraciətlərim olub, həm işğal, həm müharibə dövründə, həm müharibədən
sonra. Əlbəttə, məzmunca bu müraciətlər fərqli olub, çünki fərqli situasiyada idik. İşğal
dövründə müraciətim, keçmiş köçkünlərlə çoxsaylı görüşlər əsnasında ondan ibarət idi ki,
onlar ümidlərini itirməsinlər, iradələrini möhkəm tutsunlar və mənə inansınlar ki, biz bu
torpaqlara qayıdacağıq. İllər keçdikcə görürdüm ki, onların ümidləri yavaş-yavaş tükənir,
insanların gözlərindəki nisgil, ümidsizlik daha çox sezilir. Mən isə onlara deyə bilmirdim ki, nə
vaxt nə olacaq, deyirdim ki, inanın, onlar da inanırdı. 17 il az müddət deyil, 17 il mənim
sözlərimə inanıb gözləyirdilər, aparılan işlərə dəstək olurdular”.
Forumun ana xəttini təşkil edən mövzulardan biri də qlobal mediada Azərbaycana qarşı
uzun illər boyu aparılan və bu gün də müəyyən mərkəzlərdən idarə olunan qərəzli
kampaniyalardır. Analitik baxımdan Şuşa Forumu bu stereotipləri qırmaq üçün unikal fürsətdir.
Dünyanın dörd bir yanından gələn media mənsubları Qarabağdakı real vəziyyəti, törədilmiş
dağıntıları və aparılan möhtəşəm quruculuğu öz gözləri ilə görürlər. Bu, beynəlxalq məkanda
manipulyasiyaların qarşısını almaq və həqiqətin bərpasına nail olmaq yolunda ən effektiv
metoddur. Prezident İlham Əliyev Şuşa Qlobal Media Forumundakı çıxışında və xarici
jurnalistlərin suallarına verdiyi cavablarda Azərbaycana qarşı illərdir sistemli şəkildə aparılan
dezinformasiya, qərəzli kampaniyalar və bəzi Qərb media resurslarının ikili standartlarına
geniş yer ayırmışdır. Dövlət başçısı dəfələrlə bəzi Qərb media qurumlarının və beynəlxalq
QHT-lərin obyektivlikdən uzaq olduğunu, hadisələrə birtərəfli yanaşdığını konkret nümunələrlə
ifşa edib. Prezident Ermənistanın 30 illik işğalçılıq və dağıdıcılıq siyasətinə göz yumanların, bu
gün Azərbaycanın öz torpaqlarını azad etməsini fərqli kontekstdə təqdim etməyə çalışdıqlarını
vurğulayıb: “Müharibə qədər də olmasa, çətin idi. Çünki müharibənin nəticələri dünya birliyi
tərəfindən qəbul edilməli idi, onu qəbul etmək istəməyən kifayət qədər qüvvələr, dövlətlər,
dairələr və ayrı-ayrı şəxslər var idi. Bizim ya qələbəmizi əlimizdən almaq, ya onu yarımçıq
etmək, ya da Azərbaycanı asılı vəziyyətdə saxlamaq, tam ədalətin bərpasına nail olmayaq
deyə müxtəlif fitnələr təşkil edilirdi, biz bütün bunları yaxşı xatırlayırıq. Mən müraciətlərimdə
deyirdim ki, biz bu müharibədəki qələbəni gəlin indi qeyd etməyək, fəal olaq, çünki görüləsi
işlər çoxdur. Bir qrup keçmiş köçkün də bu sözlərə inanıb gözləyirdi ki, o gün gələcək, onlar öz
doğma dədə-baba torpaqlarına qayıdacaq. Srağagün mən onların bir qrupu ilə görüşdüm.
Onlara dedim ki, 2020-ci ildə biz müharibədə zəfər çalanda bu torpaqlar hələ işğal altında idi,
amma siz inanırdınız ki, o gün gələcək, bu torpaqlara qayıdacaqsınız”.
“Biz ancaq özümüzə güvənə bilərik” - Prezident İlham Əliyevin Şuşa Qlobal Media Forumunda
səsləndirdiyi bu fundamental tezis sadəcə bəyanat deyil, Azərbaycanın müasir dövlətçilik
fəlsəfəsinin, hərbi-siyasi strategiyasının və xarici siyasət kursunun əsas rəhbər prinsipidir. Bu
fikir beynəlxalq hüququn işləmədiyi, böyük güclərin ikili standartlar yürütdüyü və qlobal
təhlükəsizlik arxitekturasının böhran keçirdiyi müasir dünyada müstəqil dövlət kimi mövcud
olmağın yeganə düsturudur: “Mənim müraciətlərimin ana xətti həmişə dəyişməz olaraq qalır.
Biz ancaq özümüzə güvənə bilərik. Baxmayaraq ki, Azərbaycanın çox böyük sərvətləri olub,
əvvəllər onlardan heç biri, sözün əsl mənasında, Azərbaycan xalqının inkişafında rol
oynamırdı. Çünki biz daha çox ümumittifaq büdcəsinə verirdik, heç nə almırdıq. Bizdən neft
aparılırdı, Sumqayıt şəhəri ekoloji fəlakətə uğramışdı. Sovet İttifaqı dağılanda isə hər şey viran
qalmışdı, torpaqlarımız əldən getmişdi. Bu mənada, ancaq özümüzə və dövlətə güvənməliyik,
birlik heç vaxt sarsılmamalıdır. Bu gün Azərbaycan cəmiyyətində olan birliyə oxşar mənzərə
tapmaq çətindir, çünki bu, insanların zehnindən və ürəyindən gəlir”.
Beləliklə, Prezident İlham Əliyevin bu mesajları nümayiş etdirir ki, Azərbaycan rəhbərliyi
qlobal informasiya müharibəsinin fərqindədir və rəsmi Bakı artıq yalnız müdafiə olunan tərəf
deyil. Azərbaycan, xarici media mənsublarını birbaşa ölkəyə dəvət edərək "şəffaflıq və yerində
nümayiş" taktikası ilə dezinformasiya mərkəzlərinin arqumentlərini tamamilə sıradan çıxarır.
Eyvaz Fərzəliyev,
Sabirabad rayon Ağsaqqallar şurasının sədri