1xeber.media xəbər verir ki, Rusiyada fəaliyyət göstərən "Arxangel Spetsnaza" Telegram kanalı Ukrayna Silahlı Qüvvələrinin (USQ) gecə saatlarında həyata keçirdiyi pilotsuz uçuş aparatları (PUA) hücumunun əsas hədəfinin Saratov vilayəti olduğunu iddia edib.
Məlumata görə, vilayət istiqamətinə Voronej və Volqoqrad vilayətləri üzərindən bir neçə PUA qrupu göndərilib.
Kanalın iddiasına əsasən, Ukrayna qüvvələri eyni zamanda Yaroslavl vilayətində və Stavropol diyarında yerləşən sənaye obyektlərinə də zərbələr endirməyə cəhd göstərib.
Bundan əvvəl Yaroslavl vilayətinə edilən PUA hücumu nəticəsində beş nəfərin xəsarət aldığı, onlardan birinin həyatını itirdiyi bildirilmişdi. Həmçinin Bryansk vilayətinin Suzemka qəsəbəsinin reaktiv yaylım atəş sistemi ilə vurulduğu, nəticədə 15 yaşlı yeniyetmə və onun nənəsinin həlak olduğu, daha bir qadının isə yaralandığı açıqlanmışdı.
Qeyd edək ki, hücumların məqsədi və nəticələri ilə bağlı məlumatlar əsasən Rusiya tərəfinin və Rusiyaya bağlı Telegram kanallarının açıqlamalarına əsaslanır. Bu iddialar müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.