Azərbaycan ilə Türkiyə arasındakı münasibətlər təkcə dostluq və qardaşlıq anlayışları ilə məhdudlaşmır. Bu münasibətlər tarixi inkişaf prosesində formalaşmış, ortaq tarixə, ortaq mədəniyyətə, ortaq kimliyə və ortaq strateji maraqlara əsaslanan xüsusi tərəfdaşlıq modelidir. Prezident İlham Əliyevin IV Şuşa Qlobal Media Forumunda Türkiyə–Azərbaycan münasibətləri ilə bağlı səsləndirdiyi fikirlər də məhz bu tarixi reallığı bir daha təsdiqləyir.
1xeber.media xəbər verir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında türk politoloq Hüsamettin İnanç deyib.
Hüsamettin İnanç bildirib ki, 44 günlük Vətən müharibəsində əldə olunan tarixi Zəfər bu münasibətlərin daha da möhkəmlənməsində həlledici rol oynayıb.
Ekspert vurğulayıb ki, iki ölkə arasında əməkdaşlıq yalnız təhlükəsizlik sahəsi ilə məhdudlaşmır. "Azərbaycan ilə Türkiyə arasında enerji sahəsində həyata keçirilən layihələr də münasibətlərin strateji mahiyyətini nümayiş etdirir. Bakı–Tbilisi–Ceyhan neft kəməri, təbii qaz layihələri və digər iri enerji təşəbbüsləri iki ölkə arasında iqtisadi əlaqələrin sürətlə inkişaf etməsinə mühüm töhfə verib. Bu gün Türkiyə–Azərbaycan münasibətləri Ümummilli Lider Heydər Əliyevin irəli sürdüyü "Bir millət, iki dövlət" fəlsəfəsinin ən parlaq təzahürüdür.
Bu gün Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər həqiqətən də Heydər Əliyevin ifadə etdiyi 'Bir millət, iki dövlət' prinsipi üzərində qurulub. Çünki bizi birləşdirən yalnız siyasi maraqlar deyil. Ortaq dilimiz, milli kimliyimiz, soy birliyimiz və ortaq tarixi təcrübəmiz mövcuddur. Məhz bu amillər münasibətlərimizi fərqləndirən əsas xüsusiyyətlərdir. Türk Dövlətləri Təşkilatının inkişafı da Türkiyə ilə Azərbaycan arasında strateji tərəfdaşlığın daha da möhkəmlənməsinə xidmət edir. Türk Dövlətləri Təşkilatının fəaliyyətinin genişlənməsi münasibətləri daha güclü institusional əsas üzərində inkişaf etdirir. Son qəbul olunan qərarlara əsasən təşkilatın təhlükəsizlik və müdafiə arxitekturasının formalaşdırılması istiqamətində mühüm addımlar atılır və Azərbaycanın bu sahədə mərkəz kimi müəyyənləşdirilməsi xüsusi əhəmiyyət daşıyır. Gələcəkdə Türkiyə, Azərbaycan və digər Türk dövlətlərinin birgə hərbi təlimlərinin Bakıda keçirilməsi də bu əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğunu göstərir", – deyə ekspert bildirib.
Politoloqun fikrincə, Vətən müharibəsində əldə olunan Qələbə bütün Türk dünyası üçün mühüm örnək yaradıb. "Qarabağ Zəfərinin yaratdığı sinerji digər türk dövlətləri üçün də mühüm nümunədir. Şübhəsiz ki, bütün türk dövlətləri bizim qardaşlarımızdır və hər biri xüsusi əhəmiyyət daşıyır. Lakin Türkiyə baxımından Azərbaycanla münasibətlər bütün Türk dünyası ilə qurulan əməkdaşlığın əsasını təşkil edir. Bu münasibətlər digər türk dövlətləri ilə inkişaf etdirilən tərəfdaşlıq üçün nümunəvi modeldir. Bu dərinlikdə və bu səviyyədə münasibətlər indiyədək heç bir başqa dövlətlə formalaşmayıb. Buna görə də bu strateji əməkdaşlığın dəyərini düzgün qiymətləndirmək son dərəcə vacibdir. Türkiyə ilə Azərbaycan arasında təhsil, elm, iqtisadiyyat və digər sahələrdə əməkdaşlıq da sürətlə genişlənir. Bu gün universitetlərimiz, iş dünyamız və müxtəlif sahələr üzrə qurumlarımız Azərbaycan ilə çox sıx əməkdaşlıq edir", – deyə Hüsamettin İnanç əlavə edib.